Xaçatryanın məhkəməsi keçirilir - Yenilənir - Fotolar
Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə istintaqı başlayır.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək ilk baxış iclasında prokuror ittiham aktını elan edəcək.
Prosedura uyğun olaraq daha sonra Vaqif Xaçatryan ittihama münasibət bildirməli, özü istəyərsə, sərbəst ifadə verməlidir.
Proses saat 10:00-da başlayacaq.
Qeyd edək ki, Vaqif Xaçatryan xüsusilə ağır cinayətdə ittiham olunur. Onun təqsirləndirildiyi maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.
***
Məhkəmə başlayıb.
***
Prokuror Müqəddəs Sultanov ittiham aktını elan edir.
Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda prokuror Müqəddəs Sultanov ittiham aktını elan edib.
Xaçatryan Vaqif Çerkezoviç təqsirləndirilir ondan ötrü ki, o, 1992-ci ilin dekabrında erməni milliyyətindən olan digər şəxslərlə birgə Xocalı rayonunun Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə kəndə basqın edib.
Onun da üzv olduğu qrup müxtəlif silahlardan istifadə etməklə 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə yaşadıqları yerlərdən didərgin salıb. Bundan başqa, Vaqif Xaçatryan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus 5 milyon 496 min 900 manatlıq əmlakı məhv edib.
Göstərilən əməllərə görə, Xaçatryan Vaqif Çerkezoviçə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 116.0.1, 116.0. 6. , 116.0.11 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə ittiham irəli sürülüb.
***
Vaqif Xaçatryan verilmiş ittihamlara münasibətdə özünü təqsirli bilməyib:
“İttihamla razı deyiləm. Özümü günahkar hesab etmirəm”.
“Mən bu deyilən döyüşlərin heç birində iştirak etməmişəm. Heç bir qrupa qoşulmamışam. Burda deyildi ki, hansısa qruplar, atışmalar olub. Mən onların heç birində olmamışam. Orada yaşayan azərbaycanlılar hamısı mənə yaxın adamlar olub”, - ittiham olunan şəxs bildirib.
Sail Ağasəlim
Foto: Pərvin Zeynal








