Sosial şəbəkədə biz:

Naxçıvanda həkimlərin orta aylıq əmək haqqısı 2500 manatdır

18 October 2023, 11:33
Gündəm

Naxçıvan Muxtar Respublikasında Səhiyyə Nazirliyinin tabeliyində tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan mütəxəssis həkimlərin orta aylıq əmək haqqısı artıq 2500 manatdır.

Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Naxçıvan MX Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, həkimlərin əmək haqlarında artımlar Naxçıvan Muxtar Respublikasında Səhiyyə Nazirliyinin tabeliyində tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsinin yeni təsdiq olunmuş Qaydalarına əsasən həyata keçirilir.

Nazirlikdən qeyd edilib ki, həkimlərin aldıqları ən aşağı əmək haqqı 1200 manatdır:

"Həkimlərin əmək haqqı aylıq vəzifə (tarif) maaşı, aylıq sabit həvəsləndirici əlavələr, işin nəticəsinə görə həvəsləndirici əlavələr, əmək şəraitinə görə ödənilən əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlərə görədir. Yəni mütəxəssis həkimlərin əmək haqları daha yüksək məbləğdə də ola bilər. Həkimlərə verilən işin nəticəsinə görə həvəsləndirici əlavələr göstərilən tibbi xidmətin tarifinə görə dəyişir. Tibbi xidmətlərin tarifləri Xidmətlər Zərfi ilə tənzimlənir".