Avropa Şurası: Azərbaycan ermənilərin Qarabağa qayıtmasına şərait yaratmalıdır
Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç Ermənistan və Azərbaycana səfərlərinin yekunları barədə bəyanat yayıb.
Miyatoviç oktyabrın 16-23-də iki ölkəyə səfər edib, yüksək vəzifəli şəxslər, insan haqları təşkilatlarının nümayəndələri ilə görüşüb, həmçinin Qarabağa səfər edib.
Miyatoviçin bəyanatında qeyd edilir ki, Qarabağ erməniləri “heç bir təhlükəsizlik və ya müdafiə zəmanəti olmadan özlərini atılmış vəziyyətdə tapıblar və onlar üçün yeganə yol yurd-yuvalarını tərk etmək olub”.
Azərbaycan hökuməti Miyatoviçə “dövlət tərəfindən Qarabağ bölgəsinin və orada yaşayan insanların reinteqrasiyası üçün görülən tədbirlər” barədə məlumat verib.
Komissar isə vurğulayıb ki, Azərbaycan regionda qalan etnik ermənilərin və Ermənistana gedənlərin insan hüquqlarına, o cümlədən öz evlərinə təhlükəsiz və ləyaqətli qayıtmaq hüququna təminat verməlidir.

“Onilliklər ərzində ilk dəfə olaraq belə bir insan haqları missiyası regiona səfər edə bildi. Səfərin əhatə dairəsi minalarla bağlı təhlükəsizlik səbəbindən məhdudlaşsa da, komissar Füzuli, Şuşa, Malıbəyli, Xankəndi, Xocalı və Ağdama gedib.
Bomboş Xankəndini görəndə heyrətə gəlib. Ona məlumat verilib ki, bölgədə çox az etnik erməni qalıb. Füzuli və Ağdamda isə komissar onilliklər ərzində açıq-aydın xarabalığa çevrilmiş dağıdılmış şəhər və kəndləri görüb.
Hər iki ölkədə Miyatoviç bütün köçkünlərin insan hüquqlarının, o cümlədən onların ləyaqətli və təhlükəsiz şəkildə qayıtmaq hüquqlarının təmin edilməsinin, məhbusların müdafiə hüquqları, itkin düşmüş şəxslərin taleyini və harada olduqlarını bilmək hüququ, münaqişə ilə bağlı ciddi insan hüquqları pozuntularının müstəqil və effektiv araşdırılmasının zəruriliyi, qurbanlara adekvat və səmərəli kompensasiya verilməsinin vacibliyini vurğulayıb”, - bəyanatda qeyd olunub.
Bildirilib ki, müvəkkil qısa müddətdə öz müşahidə və təkliflərini təqdim edəcək.