Rəsmi Bakıdan Yerevana çağırış: 8 kəndi təhvil verin
Rəsmi Bakı Yerevanı işğal altında olan 8 Azərbaycan kəndini təhvil verməyə çağırıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanatında qeyd olunub.
XİN müharibənin bitməsindən sonra Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdiyini, amma Ermənistandan adekvat cavab almadığını vurğulayıb:
“Ermənistan yenə də sülh sazişi istiqamətində danışıqlara maneçilik törətmək, hərbi-siyasi təxribatları və mina təhdidini davam edərək sülh prosesini, vətəndaşlarımızın həyatını, regiondakı bərpa və yenidənqurma işlərini təhdid altına almaqda davam etmək yolunu seçdi. Ermənistan tərəfi bununla yanaşı, öhdəliklərinə zidd olaraq, bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrini nəinki Azərbaycan ərazilərindən çıxarmadı, onlara maddi və maliyyə dəstəyini davam etdirdi, Azərbaycan ərazilərinə qanunsuz olaraq silah, hərbi texnika və mina ötürülməsi fəaliyyətindən əl çəkmədi. Ermənistan həmçinin hələ də işğal altında olan 8 Azərbaycan kəndini Azərbaycana təhvil vermədi”.
Rəsmi Bakı Yerevanı sülh prosesində konstruktiv və ədalətli mövqe nümayiş etdirməyə, bölgədəki reallıqları düzgün anlamağa çağırıb.
"Ermənistan tərəfi bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət başa düşməlidir", - deyə XİN bəyan edib.
Azərbaycanın Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri 1992-ci ildə Ermənistan tərəfindən işğal olunub. Bu kəndlərdən üçü - Sofulu, Barxudarlı və Yuxarı Əskipara, həmçinin Kərki kəndi Azərbaycanın Ermənistan ərazisindəki anklavlarıdır.