Sosial şəbəkədə biz:

Bakıda avtobus zolağı tıxacı azaldır?

14 November 2023, 16:18
Gündəm

Son günlər yollarda avtobus zolaqlarının sayı artırılıb. 

Şəhərin bir çox yerlərində, həmçinin Bakı- Sumqayıt magistral yolunda avtobus zolaqları var. Bu zolaqların çəkilməsində məqsəd avtobusların rahat gediş-gəlişini, sərnişinlərin mənzil başına tez bir zamanda çatmasını təmin etməkdir. Amma bu xətlər tam effektini vermir. 

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya bildirib ki, bu layihə artıq özünü doğruldur:

"Sürücülər əvvələr avtobus zolaqlarını birmənalı qarşılamırdılar. Amma son zamanlar insanlar ictimai nəqliyyata daha çox üstünlük verməyə çalışırlar". 

Ekspert qeyd edib ki, gələcəkdə yol infrastrukturunun imkan verdiyi ərazilərdə bunu reallaşdırmaq olar:

“Əgər bu imkanlar yoxdursa, bu imkanları yaradıb sonra istifadəyə vermək olar”. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis mayoru Araz Əsgərli isə bildirib ki, avtobus zolağına daxil olan sürücülərə qarşı İnzibati Xətalar Məcəlləsinin 327.1 çi bəndinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilir:

“Avtobus zolaqlarının özünə doğrultması üçün yol infrastrukturu bunu imkan verməlidir. Müəyyən yollarda özünü doğruldub. Amma özünü tam doğrultması üçün şəhərin yollarının da bu imkanı olmalıdır. Misal üçün, iki zolaqlı yolun bir zolağı avtobus zolağıdırsa, təbii ki, özünü doğrultmayacaq”. 

Həmsöhbətimiz qeyd edib ki, avtobus zolaqlarının özünü tam doğrultması üçün sürücülər öz şəxsi nəqliyyat vasitələri əvəzinə ictimai nəqliyyatdan istifadə etməlidirlər:

“İctimai nəqliyyat o səviyyədə olmalıdır ki, sürücülər ona üstünlük verməyə maraqlı olsunlar. Elə olan halda tıxac problemi də öz həllini tapa bilər”.