“Qadın futbol azarkeşləri çoxalıb, bu məni sevindirir” - Deputat
Futbol üzrə Azərbaycan millisinin Avro-2024 seçmə turu çərçivəsində Belçika yığmasına 0-5 hesabı ilə məğlub olmaslı ictimai diqqəti yenidən bu sahəyə yönəldib.
Azərbaycan milli komandasının baş məşqçisi De Byazinin öz ərizəsi ilə postundan getməsi müzakirələri yenidən alovlandırıb.
Azərbaycan futbolun inkişafı üçün hansı islahatları həyata keçirməlidir? Baş məşqçi dəyişməlidir, yoxsa futbola münasibət?
Yenisabah.az mövzu ilə bağlı qatı futbol həvəskarı olan yazıçı, Milli Məclisin deputatı olan Aqil Abbasın fikrini öyrənib.
Millət vəkili bildirib ki, oyunçular yaxşı olsa da, güclü məşqçi ən önəmli faktorlardan biridir:
“Futbolçularımız oynaya bilirlər, milli komandamız da bu yolda çarpışır, amma baş məşqçi yerində olmur, ona görə də k0manda qələbə qazana bilmir. Buna baxmayaraq, ölkə çempionatı gərgin keçir, çempionatdan çox razıyam. Hər bir komanda gözəl oyun aparır, sürprizlər var”.
Onun sözlərinə görə, ölkədə uşaq futbolunu inkişaf etdirmək lazımdır:
“Mən düşünürəm ki. məşqçidən də əvvəl Azərbaycanda uşaq futbolunu inkişaf etdirmək lazımdır. Akademiyalarımız zəif işləyir.
Bu gün qadın futbol azarkeşləri çoxalıb, bu da məni sevindirir. Qarabağ futbol klubunun xeyli qadın fanatı var. Mən bu cür azarkeşlərdən digər komandalara da arzulayıram. Onlar da öz klublarında fanatlar yaratmalıdır, hər zaman demişəm ki, azarkeşsiz futbol ola bilməz! Bunun oyunlara da təsiri böyükdür.
Futbolun inkişaf etməsi üçün mütləq uşaq futbolu, bölgə futbolu inkişaf etməlidir. Rayonlarımızda futbol yoxdur. Düzdür, son illər yaradıblar, birinci, ikinci liqalar var. Mən buna sevinirəm. Bölgələrdə də mütləq futbol olmalı, uşaq futbolu yetişməlidir. İstedadlı gəncləri axtarmalı, onları yetişdirmləlidirlər. istedadı olan uşaqları kiçik yaşında akademiyaya gətirib üstündə işləmək lazımdır. Bu zaman Azərbaycanda da futbol inkişaf edəcək”.