Sosial şəbəkədə biz:

Naxçıvanın xüsusi səlahiyyətli şəxsi insanları işsiz və çörəksiz qoyub - VİDEO+FOTO

08 December 2023, 14:14
Gündəm

Naxçıvan Muxtar Respublikası strateji ərazidə yerləşir. Muxtar respublikada baş verən hadisələr, bölgənin necə idarə edilməsi dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycan dövləti Naxçıvanın inkişafına ciddi diqqət yetirir, muxtar respublika əhalisinin rifah halının yaxşılaşdırılması, bölgənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün lazımi tədbirlər həyata keçirir. Ölkə başçısının müvafiq sərəncamı ilə 2023-2027-ci illəri əhatə edən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı da qəbul edilib. Azərbaycan Prezidentinin tapşırığı və birbaşa nəzarəti ilə belə mühüm tədbirlər ona görə həyata keçirilir ki, Naxçıvanın mövcud problemləri həll edilsin, muxtar respublikada həyat səviyyəsi yüksəlsin, son 28 il ərzində yanlış idarəetmə nəticəsində bölgəni tərk edən insanlar geri qayıtsın.

Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun vəzifədən kənarlaşdırılmasından sonra Prezident İlham Əliyev muxtar respublikaya özünün səlahiyyətli nümayəndəsini təyin etdi. Məqsəd effektiv və çevik idarəetmə mexanizmi yaratmaq, mərkəzi hakimiyyətin Naxçıvana nəzarət etmək imkanlarını artırmaq, Vasif Talıbov dövründən yığılıb qalmış problemləri tezliklə həll etmək, muxtar respublikada baş verən özbaşınalıqları aradan qaldırmaq idi.

Fakt odur ki, Vasif Talıbov Naxçıvana rəhbərlik etdiyi dövrdə dövlət siyasətinə ziddi addımlar atır, qanunları tanımır, Naxçıvanı öz bildiyi kimi idarə etməyə çalışırdı. Naxçıvanın sabiq rəhbərinin oğlu Seymur Talıbov muxtar respublikanın hakimi-mütləqinə çevrilir, səlahiyyət həddini aşaraq Naxçıvanın hüquq-mühafizə orqanlarına belə tapşırıq və göstərişlər verirdi. Seymur Talıbov Ali Məclisin deputatı idi, atası onu sonralar öz köməkçisi təyin etmişdi ki, kiçik Talıbov idarəetməyə qarışanda əlavə suallar ortaya çıxmasın. Naxçıvan əhalisi bu vəziyyətdən narazı idi.

Vasif Talıbovun istefasından və muxtar respublikada Prezidentin xüsusi nümayəndəliyinin yaradılmasından sonra Naxçıvanda belə özbaşınalıqlara son qoyulmalı idi. Bu, Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifə, tələb və tapşırıqdır: Naxçıvan Azərbaycan qanunları ilə idarə edilməli, muxtar respublikanın inkişafı istiqamətində hərtərəfli tədbirlər həyata keçirilməli, orada özbaşınalıqlara son qoyulmalı, heç kim səlahiyyət həddini aşmamalıdır.

Son vaxtlar Naxçıvandan TNS-in redaksiyasına göndərilən şikayət məktubları muxtar respublikada problemlərinin həll edilmədiyini göstərirdi. Biz bu şikayətlərin bir hissəni ictimailəşdirdik. Açığı, bizə göndərilən faktların hamısını olduğu kimi oxuculara təqdim etmədik. Belə faktların olduğuna inanmaq istəmədik. Əgər bu faktların hamısı doğru idisə, deməli, muxtar respublikada Vasif Talıbov dövründə olduğu kimi, dərəbəylik hökm sürür.

Naxçıvanda aparılan struktur və kadr islahatlarından sonra meydana çıxan, “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradaraq ona rəhbərlik edən İsmayıl Əhmədova muxtar respublikda geniş səlahiyyətlərin verildiyi, onun qeyri-rəsmi şəkildə hökumətin iclaslarında iştirak etdiyi, Naxçıvanda istədiyi tikintini dayandırdığı, istədiyi binanı sökdürdüyü ilə bağlı oxucularımıza ətraflı məlumat vermişdik. Heç bir rəsmi vəzifə daşımayan İsmayıl Əhmədovun belə xüsusi səlahiyyətli şəxsə çevrilməsi, ona bu imkanı kimlərin yaratdığı ciddi suallar doğururdu və bizim bununla bağlı suallarımıza heç bir rəsmi şəxs cavab verə bilməmişdi.  Amma  biz bilmirdik ki, İsmayıl Əhmədov Naxçıvanın yeni Seymur Talıbovudur, bölgənin mütləqi-hakiminə çevrilib, onun “xidmətləri” sayəsində muxtar respublikada yüzlərlə insan işsiz və çörəksiz qalıb.

3472c4b6-4a69-4def-bce7-e569ef3ba318

Naxçıvanlıların xahişi və dəvəti ilə muxtar respublikaya səfərimiz zamanı bəzi suallara cavab tapa bildik, vəziyyətin bizim bildiyimizdən və təsəvvür etdiyimizdən daha acınacaqlı olduğunu gördük. Sən demə, İsmayıl Əhmədov Naxçıvanda əməlli-başlı at oynadır, onun bu qanunsuz hərəkətlərinə isə heç kim əhəmiyyət vermirmiş. Bəs bu şəxsə belə xüsusi salahiyyəti kim verib? Onu muxtar respublika hökumətinin iclaslarına kim buraxır? Ümumiyyətlə, uzun illərdir, Naxçıvanda yaşamayan İsmayıl Əhmədovu muxtar respublikaya kim gətirib? Azərbaycan mediasında səsləndirilən ciddi suallara hələ ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi də, Naxçıvan Ali Məclisi və Nazirlər Kabineti də cavab verməyib.

Naxçıvanda söhbətləşdiyimiz, İsmayıl Əhmədovla təmasda olan insanlar həm də onun kobudluğundan, sadə insanları necə təhqir etməsindən danışdılar. Bu fakt bizi daha çox narahat etdi. Sən kimsən ki, vaxtilə ulu öndər Heydər Əliyevin ərafında sıx birləşən, bu gün də Prezident İlham Əliyevin yanında olan, dövlətimizin qorunması üçün hər an canını verməyə hazır olduğunu bildirən sadə naxçıvanlını təhqir edirsən. Əslində sadə naxçıvanlıları İsmayıl Əhmədov yox, ona bu şəraiti yaradanlar təhqir edir.  

Başı ancaq pul qazanmağa qarışan, Naxçıvanı dərindən tanımayan, dövlətçilik anlayışından xəbərsiz olan insanlara ölkə başçımızın sözlərini xatırladırıq: “Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.

Əziz oxucular! Bütün bu dediklərimizi Naxçıvan sakinlərinin öz dilindən eşidəcəksizin.

İndi isə keçək İsmayıl Əhmədovun qanunsuz şəkildə tikintisini dayandırdığı obyektlərə. Naxçıvan Dövlət Universitetinin Texnologiyalar Parkının tikintisinin dayandırılması nəticəsində 50 nəfərdən çox insan işsiz qalıb, onlar bir neçə aydır ki, əməkhaqqı ala bilmirlər.

DSC_0024

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Naziriyindən TNS-ə bildirilib ki, tikintisi 2021-ci ildə başlayan Naxçıvan Dövlət Universitetinin Texnologiyalar Parkının tikintiyə icazə sənədinin olmadığı, həmçinin layihə sənədlərinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 83-cü maddəsində tələb olunan tərkibdə, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq olunan “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın 4-cü bəndinə (ekspertiza müəssisəsinə təqdim edilən sənədlərin tərkibi və tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydasına) uyğun hazırlanmadığı üçün Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4-cü maddəsi ilə 12 oktyabr 2023-cü il tarixdə tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilib.

“Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq olunan “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.20-ci bəndinə əsasən icra edilməsi üçün tikinti işlərinin dayandırılması haqqında qərar Naxçıvan Dövlət Universitetinə (sifarişçiyə), eləcə də tikinti ərazisinə nəzarətin təmin edilməsi üçün qərarın surəti Naxçıvan Şəhər İcra Hakimiyyətinə və Naxçıvan Şəhər Polis İdarəsinə göndərilib”, - qurumdan qeyd olunub.

DSC_0030

Göründüyü kimi, nazirlik tikintini oktyabrın 12-də dayandırıb. Bu yazıda təqdim etdiyimiz birinci videomaterialda isə işçilər tikintinin oktyabrın 5-də İsmayıl Əhmədov tərəfindən dayandırıldığını bildirdi. Deməli, xüsusi səlahiyyətli şəxs Əhmədovun tikintini dayandırmasından sonra dövlət qurumu bu işi rəsmiləşdirib.

Maraqlıdır ki, 2021-ci ilin iyun ayında obyektə baxış keçirilib və akt tərtib olunub. Həmin aktda tikinti işlərinə başlamaq üçün tam şərait yaradıldığı bildirilib və heç bir qüsur qeyd olunmayıb. İndi sual yaranır? Əgər Fövqəladə Hallar Nazirliyinin bu gün əsas gətirdiyi nöqsanlar var idisə, o zaman tərtib olunan aktda niyə öz əksini tapmayıb? Yaxud nazirlik indiyə qədər nəyə görə bu qüsurları aşkarlayıb tikintini dayandırmırdı?

Deyək ki, FHN qanuna əsaslanıb tikintini dayandırıb. Bəs “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İsmayıl Əhmədovun Texnologiyalar Parkında nə işi var idi? Bu şəxs tikintinin dayandırlması məsələsinə niyə qarışıb? Bu suallar hələ ki açıq qalıb.

Naxçıvanda olarkən aydınlaşdırdıq ki, İsmayıl Əhmədovun bu tikintini dayandırmaqda məqsədi heç də hansısa tikinti normasının pozulması deyilmiş. MMC rəhbərinin əraziyə gələrkən etdiyi söhbətlərə qulaq şahidi olan işçilər dedi ki, onun məqsədi bu obyektin tikintisini “Arkoz” Holdinqdən alıb özünə yaxın şirkətə verməkdir. İnanmırsınız? O zaman dediklərimizi bu tikinti obyektində çalışan iş icraçısı, usta və fəhlələrin öz dilindən eşidək.

https://www.youtube.com/embed/NKanakNMwCE

İsmayıl Əhmədovun Naxçıvanda tikinti və istehsal sahələrinə qanunsuz və kobud müdaxiləsi nəticəsində təkcə tikinti sektorunda deyil, sənaye müəssisələrində də yüzlərlə insan işsiz qalıb.

DSC_0089

Vaxtilə 300-400 nəfərin çalışdığı Arkoz Metal Konstruksiyalar Zavodu bizim orada olduğumuz gün sonuncu 80 nəfər işçisini də evə buraxdı.

DSC_0078

İsmayıl Əhmədovun sayəsində muxtar respublikada 80 ailə də beləcə işsiz və çörəksiz qaldı.

DSC_0069

Zavodun direktor müavini Simran Əhmədov TNS-ə açıqlamasında bu vəziyyətin yaranmasının səbəbkarının İsmayıl Əhmədov olduğunu bildirdi.

DSC_0051

Uzun illərdir, bu zavodda çalışan Xansuvar Əhmədov da mövcud vəziyyətdən çox narazıdır, problemin həlli üçün aidiyyəti orqanlardan kömək istəyir.

https://www.youtube.com/embed/eAN3pSJ5Z5w

Göründüyü kimi, Naxçıvan əhalisinin ciddi problemləri var. Muxtar respublika sakinləri ölkə rəhbərliyindən bu problemlərin həll edilməsi üçün kömək istəyir.