Sosial şəbəkədə biz:

Prezident seçkilərində gözlənilən sürprizlər: nələr dəyişəcək?

11 December 2023, 17:23
Gündəm

Növbədənkənar prezident seçkiləri ilə bağlı qəfil qərar yalnız əsas partiyaları deyil, yay-qış mürgü döyən balaca partiyaları da hərəkətə gətirib. Bir neçə gündür ki, siyasi canlanmanın artdığı hiss olunur. Artıq bir çox partiyalarda qarşıdakı seçkilərlə bağlı müzakirələr keçirilir. İlkin müşahidələr boykot əhval-ruhiyyəsinin olmadığını, əksər partiyaların seçkilərə qatılacağını göstərir. Hazırda partiyalar bir növ sıra baxışı keçirir, dairə və məntəqə seçki komissiyalarındakı üzvlərini təlimatlandırır, namizədini müəyyən etmək yönündə müzakirələri davam etdirir.

Bütün bunlar 2024-cü ilin qışının siyasi mənada da sərt keçəcəyindən xəbər verir. İllərdir "demokratik, ədalətli seçki" tələb edən Qərbyönümlü müxalifət üçün də əlverişli fürsət yaranıb. Situasiyanın fərqliliyi isə ondan ibarətdir ki, bu dəfə Azərbaycan seçkiyə qalib ölkə kimi gedir. Ermənistanla döyüş meydanında Qələbə hakim partiyanın xalq arasında nüfuzunu artırıb, onsuz da zəif olan, fəaliyyəti yalnız fb paylaşımları və ara-sıra internet televiziyalara müsahibələrlə məhdudlaşan Qərbyönülmlü müxalifət daha da əldən düşüb.

Növbədənkənar seçkilərin təyin olunmasının rəsmən bəyan olunan səbəblərindən başqa, bir səbəb də elə qeyd etdiyimiz qeyri-bərabər güc balansı ilə bağlıdır. Hakim partiya əlverişli şəraitdən istifadə edərək, həm Qərbin, həm də onun dəstəklədiyi müxalifətin "demokratik, ədalətli seçki" tələbinə, indiyədək keçirilən seçkilərlı bağlı mübahisələrə, bu yöndə səslənən məzəmmət və qınaqlara son qoymaq istəyir.

Bəs, YAP bunun üçün nə edəcək və ya nə etməyə hazırlaşır?

Mövcud vəziyyət hakim partiyanın öz qələbəsinə inamlı olduğunu göstərir. Ona görə də bu dəfə seçkilərin daha fərqli taktika ilə keçiriləcəyi ehtimal olunur. Siyasi müşahidəçilərin fikrincə, namizədlərin sayı, tərkibi, qeydiyyatından başlamış səsvermə prosesinədək bütün mərhələlər əvvəlki seçkilərlə müqayisədə daha şəffaf, ədalətli və demokratik olacaq. Hətta namizədliyini irəli sürən əksər partiya sədrləri və müstəqil şəxslərin namizədliyinin qeydə alınacağı, onların arasında gənclərin sayının əvvəlkindən daha çox olacağı gözlənilir.

Bu versiya üzərində dayananlar hesab edir ki, hakim komanda Qarabağda qazanılan Qələbə, həmçinin beynəlxalq miqyasda ölkənin mövqeyinin güclənməsi səbəbindən xalqın böyük dəstəyini qazanacağına şübhə etmir. Bu səbəbdən seçkidən sonra əsaslı tənqid və şikayətlərin olmasında maraqlı deyil və bunun üçün maksimum səy göstərəcək. Ancaq hakimiyyətin yeganə hədəfinin rəqiblərini və Qərbi demokratik seçki faktı qarşısında qoymaqla məhdudlaşmadığı da səsələnən ehtimallar arasındadır. Belə ki, seçkinin legitimliyinin ölkənin siyasi sistemində növbəti və daha radikal dəyişikliklərə hesablandığı da qeyd olunur.

Bəs, bu dəyişikliklər nədən ibarət ola bilər?


Bu suala cavab vermək üçün ipuclarını yaxın keçmişdə axtarmaq mümkündür. Xatırlayırsınızsa, hələ 2021-2022-ci illərdə növbədənkənar parlament seçkilərinə gediləcəyi barədə fikirlər səslənirdi. O zaman qeyd olunurdu ki, hakimiyyətin yuxarı eşalonu parlamentin tamamilə yenilənməsi, icra strukturunda olduğu kimi, qanunverici oqranda da böyük əksəriyyətin Avropa təhsilli gəclərdən ibarət olmasını istəyir. Görünür, hakimiyyət ilk növbədə prezident seçkisi ilə bağlı tənqidləri aradan qaldırmağı ön plana keçirib və bu səbəbdən parlamentlə bağlı plan 2025-ci ilə qədər ertələnib.

Belə aydın olur ki, fevralın 7-də hakim komanda prezident seçkisində öz məqsədlərinə maksimum nail olacağı halda, növbəti il keçiriləcək parlament seçkiləri də tamamilə fərqli ab-havada keçəcək. Beləliklə, parlament və digər hakimiyyət qollarında "köhnələr"dən xilas olmaq tendensiyası daha da sürətlənəcək.

BakuPost