Vəfat edən Kamil Vəli Nərimanoğlu kim idi?
Xəbər verdiyimiz kimi, ədəbiyyatşünas, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli Nərimanoğlu vəfat edib. 77 yaşlı alimin ürəktutmadan vəfat etdiyi bildirilib.
O, 18 avqust 1946-cı ildə Cəbrayıl rayonunda anadan olub. Orta təhsilini doğulduğu rayonda alan ədəbiyyatşünas 1970-ci ildə ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Elə həmin ildən universitetdə filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında müəllim kimi çalışıb.
Nərimanoğlu 1989-cu ildə professorluq dərəcəsi alıb, 1988–1998-ci illər arasında universitetdə Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik edib, Böyük Elmi Şuranın üzvü olub.
O, 1977-ci ildən "Azərbaycan" jurnalı redaksiya heyətinin üzvü olub, 1983-cü ildən isə Azərbaycan Yazıçılar Birliyində tənqid və ədəbiyyatşünaslıq şurasının sədr müavini kimi fəaliyyət göstərib.
1990-cı ildə Türkiyənin Səlcuq Universitetinin fəxri doktoru adını alıb. Həmçinin Türkiyə Linqvistika Cəmiyyətinin müxbir üzvü idi.
Kamil Vəli Nərimanoğlu Azərbaycan Xalq Cəbhəsi üzvü olub. 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində işləyib.
Mərhum ailəli idi və iki oğlu vardı.