Köhnə maşın sahiblərinə verilən pul sürücülərdən alınacaq: “Heç olmasa 10 illik maşınlardan...”
“Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edilib.
“Cebhe.info” xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazov dəyişiklik barədə müvafiq qərar imzalayıb. Qərarla nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” Qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır.
Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir. Qərar respublika daxili işlər orqanlarında elan edilib və sənədlə bağlı bənd 2024-cü il fevralın 1-dən qüvvəyə minir. Qərarın qəbul edilməsi sürücülər arasında birmənalı qarşılanmayıb.
Bu dəyişiklikdən sonra sürücülərin köhnə avtomobilə marağı azalacaq?
Sözügedən məsələ ilə bağlı “Cebhe.info”-ya nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı bildirib ki, dünyanın bir çox ölkələrində bu praktika mövcuddur:
“Ölkədə yol qəzalarının 70 faizi köhnə avtomobillərin iştirakı ilə baş verir. Bu qərar ölkədə nəzərdə tutulmuş utilizasiya proqramı çərçivəsindədir. Əsas məqsəd ölkədə avtomobil parkının yenilənməsi, ekoloji muhitin qorunması, ən əsası isə baş verən qəzalarda ölüm sayının azaldılmasıdır. Bu metod dünyanın bütün ölkələrində tətbiq olunur.
Eyni model avtomobilin yeni versiyası ilə xaricdə baş verən qəzaya baxırıq ki, xəsarət alan belə olmayıb. Bizdə isə həmin modelin 20 il istmismar olunan versiyasında kiçik bir qəzada 4 nəfər ölür. Odur ki, utilizasiya prosesi ilə bağlı atılan addımları alqışlamaq lazımdır”.
Ekspert texniki baxış zamanı vətəndaşlardan tələb olunacaq rüsumu da sadlayıb:
“Avtomobilin yaşı 1-10 ilə qədər olarsa - 10 manat, 1-21 il - 20 manat, 1-31 il -30 manat, 31 ildən yuxarı olanlar 40 manat. Bu pulların Daxili İşlər Nazirliyinə və ya yol polisinə heç bir aidiyyəti yoxdur.
Pullar Utilizasiya Fonduna toplanacaq. Yuxarıda dediyim kimi, vətəndaş köhnə avtomobilini təhvil verdikdə ona ödəniləcək pul fonda yığılan pul olacaq. Yəni sürücülərin texniki baxış zamanı ödəyəcəkləri pul Utilizasiya Fonduna yığılacaq və oradan da köhnə maşını təhvil verənlərə paylanacaq”.
Ekspert həmçinin hesab edir ki, istehsal ili 10 ilədək olan avtomobillərə görə rüsum alınmasını dayandırmaq lazımdır:
“Çünki bunlar yeni avtomobil sayılır. Məntiqlə yanaşsaq, istismarı 10 ilədək olan avtomobilin sürücüsündən də 10 manat rüsum tələb etməyi əsaslandırmaq çətindir. Ola bilsin ki, gələcəkdə elektrik avtomobillərinə keçidi sürətləndirmək üçün belə qərar vermək olar. İndiki halda 10 ilədək olan maşınlara görə rüsumu məntiqli saymıram”.