Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir.
2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində – Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Məntəqədə Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.
Laçın sərhəd-buraxılış məntəqəsi, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq, Ermənistandan ərazimizdəki qanunsuz erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina və s. hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə qurulmuşdu.
Prezidentimizin bildirdiyi kimi, 23 aprel Azərbaycanın ərazi bütövlüyünün tam bərpası deməkdir.