Sosial şəbəkədə biz:

Deputat: "Bir azdan deyəcəklər ki, hüquqlarımız bərabər olduğu üçün qadın və qızlarımız hərbi xidmətə çağrılmalıdır"

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentdə səsləndirdiyi ailəli və uşağı olan qadınların işə bir saat gec gəlib, işdən bir saat tez getmələri barədə təklifin ciddi müzakirə yaratamasına aydınlıq gətirib.

Komitə sədri Pravda.az-a açıqlamasında deyib ki, hər kəsin fikrinə hörmətlə yanaşır və söylənilənlərin hər birinə cavab vermək fikrində deyil. 

“Ancaq bəzi hüquqşünasların, siyasətlə məşğul olanların, gender bərabərliyi tərəfdarlarının təklifimi məntiqsiz, absurd adlandırmaları, Beynəlxalq Konvesiyaların tələblərinin, gender bərabərliyinin pozulması, ayrı-seçkilik, qadınların rolunun azaldılması kimi qiymətləndirmələri ciddi təəssüf doğurur. Həm də çox təəssüf edirəm ki, bu fikirləri söyləyənlərin əksəriyyəti kişilərdir. Qadınlara qayğını, güzəştlərin, imtiyazların və əlavə təzminatların verilməsini gender bərabərliyinin pozulması, ayrı-seçkiliyə yol verilməsi kimi başa düşənlərə Əmək Məcəlləsinin 16-cı maddəsinin 2-ci bəndinə nəzər salmağı məsləhət görürəm. Həmin maddədə aydın göstərilir ki, “Qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir”. Əmək Məcəlləsinin digər 91 və 243-cü maddələrində də qadınlarla bağlı imtiyazlar - iş saatlarının azaldılması, yüngül işə keçirilmələri əksini tapıb.  Məgər bunlar gender bərabərliyinin pozulması, ayrı-seçkilikdirmi? Yox, qadına, anaya qayğıdır, hörmətdir, onlara ehtiramdır. Ulu öndərimiz Heydər Əliyev qadına, anaya qayğını daim yüksək qiymətləndirirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev ailəni müqəddəs hesab edir, ailə dəyərlərini, milli-mənəvi dəyərləri qorumağı və möhkəmləndirməyi tövsiyə edir. Birinci xanım Mehriban Əliyeva qadın hərəkatının önündə gedir, qadınlarımızın hüquqlarının qorunması üçün əlindən gələni əsirgəmir. Bu bir həqiqətdir ki, kişilərimiz ən ağır işlərdə, döyüşlərdə, düşmənə müqavimətdə sinələrini irəli veriblər, qadınlarımızı ağır işlərdən, çətinliklərdən qoruyurlar onları ana, zərif varlıq kimi əzizləyirlər. Bu gün dünyanın bir çox ölkələrində qadınların əməyinin yüngülləşdirilməsi barədə məsələlər qaldırılır, təkliflər verilir. Rusiya Dövlət Dumasının vitse-spikeri Boris Çernişovun bu günlərdə bir iş gününü iki saat azaltmaq təklifi buna misal ola bilər. Verdiyim təklif iqtisadi, maliyyə baxımından dəyərləndirilsəydi, əsaslandırılsaydı, bəlkə də, bu qədər acımazdım. Ancaq anaya, qadına qayğının ayrı-seçkilik, qadın hüquqlarının pozulması kimi qiymətləndirilməsi, "kişilər nəyə görə qadınlardan çox işləməlidir" kimi fikirlərin söylənilməsi, təklifimin məntiqsiz, absurd adlandırılması belə qənaətə gəlməyimə əsas verir ki, bu insanlar bir azdan deyəcəklər ki, hüquqlarımız bərabər olduğu üçün qadın və qızlarımız hərbi xidmətə çağrılmalıdır, sərhədlərimizi qorumalı, keşik çəkməli, düşmənlə vuruşmalı və bizi mühafizə etməlidirlər. Anaya, qadına qayğını bərabərliyin pozulması kimi başa düşüb tez-tez beynəlxalq konvensiyalara, qətnamələrə, qərarlara istinad edənlər  bilməlidirlər ki,  xalqımızın tarixən qorunub saxlanılan milli-mənəvi, əxlaqı dəyərləri bizim üçün ən nümunəvi konvensiya, qətnamə və qərardır. Çünki bu konvensiyalar, qətnamələr 30 ildən çox köçkün-qaçqın həyatı yaşayan, əsir götürülən, şikəst edilən qadınlarımızın, analarımızın hüquqlarını qoruya bilmədi, qorumaq istəmədi, onlara kömək etmədi! Ona görə də başqasının təklifinə irad tutan hər kəs qanunlara düzgün istinad etməli, milli-mənəvi dəyərlərə arxalanmalı, reallıqları qiymətləndirməyi bacarmalı, həm də digərlərinin təkliflərinə süni don geyindirməməlidir".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol