Sosial şəbəkədə biz:

Nəqliyyatın, Aİ-92 markalı benzinin və dizelin qiyməti qalxdı

Məişət tullantılarının da daşınması tarifi artdı

İyunun sonuncu bazar günü Azərbaycanda qiymət artımı ilə yadda qaldı. Nəqliyyatda gediş haqları, eləcə də yanacaqda, məişət tullantılarının daşınmasında qiymətlər artırıldı.

Məlum oldu ki, bazar günü Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər artırılıb.

Qurumun yaydığl məlumata görə, müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik;

Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik;

Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik olur.

Eyni zamanda ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri yenilənib. Lakin Bakı-Naxçıvan/Naxçıvan-Bakı istiqamətləri üzrə hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətinin tarifində dəyişiklik edilməyib.

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi 50 qəpik müəyyən edilib.

Tarif (qiymət) Şurası isə Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında digər artımlarla bağlı qərar verdiyini açıqlayıb.

Hakimiyyətyönümlü media bunu “qiymət tənzimlənməsi” kimi qeyd etsə də, faktiki Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Aİ-95 benzinin qiyməti necə ucuzlaşır?

Qiymət artımı əhaliyə təqdim edilməzdən öncə Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulduğu barədə xəbər ictimaiyyətə çatdırılıb.

Bildirilib ki, SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına Neft Emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir.

“Layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib. Görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb”, – xəbərdə deyilir.

2022-ci ildə Aİ-95 markalı benzinin qiyməti 1,6 manatdan 2 manata, Aİ-98 markalı benzinin qiyməti isə 1,9 manatdan 2,3 manata yüksəlib.

Hər iki benzin növü Azərbaycanda istehsal olunmur, xaricdən idxal edilir. Onların qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Bu benzinlər ölkəyə “SOCAR Petroleum” törəmə şirkəti tərəfindən gətirilir. Bu səbəbdən də sözügedən benzin növlərində ucuzlaşmanın Tarif Şurasının bahalaşma qərarının yaradacağı ajiotajı dəf etmək məqsədi daşıdığı, müvəqqəti olduğu ehtimal edilir.

Qiymət artımına hazırlıq

Bir neçə gün idi ki, yerli media Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiymətinin tənzimlənməsinin vacibliyi ilə bağlı məlumatlar verirdi. Tarif Şurası da hesab edir ki, bu yanacaqların pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol