Çin Azərbaycan bazarında Avropanın yerini tutur
Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 1,3 milyard ABŞ dollara çatıb.
Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı"nda bildirib.
Y.Abdullayev qeyd edib ki, 1995-2023-cü illərdə Çin Azərbaycana 930,8 miyon ABŞ dolları birbaşa investisiya yatırıb.
Onun sözlərinə görə, bunun 754,1 milyon ABŞ dolları neft-qaz, 176,7 milyon ABŞ dolları isə qeyri-neft-qaz sektoruna yatırılıb.
"Hazırda ölkəmizdə 245 Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində aktiv fəaliyyət göstərir. Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu ilin yanvar - may aylarında iki ölkənin ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 26 % artaraq 1,3 milyard ABŞ dolları təşkil edib", - deyə Y.Abdullayev əlavə edib.
Məsələ ilə bağlı "Cebhe.info"-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli vurğulayıb ki, Azərbaycanın Çinlə ticarətdə əsas hədəfi öz məhsullarının ixracat həcmini artırmaqdır:
Uzun illərdir ki, Azərbaycan Çindən mal və məhsul idxal edən ölkələrdən biridir.
Çin qlobal ticarətdə əsas təchizatçı ölkə hesab olunur. Çinin qlobal ticarət siyasətində digər ölkələrlə yanaşı Azərbaycan da öndə gedir. Əsas problem budur ki, Azərbaycanın Çinə ixracatı çox azdır.
Halbuki Azərbaycanın Çinə kifayət qədər mal və məhsul ixrac etmək iqtidarındadır və burada böyük potensiala malikdir. Çində Azərbaycan məhsullarına, əsasən neft-kimya, gübrə, şərab və mineral su, o cümlədən kənd təsərrüfatı məhsullarına böyük tələbat var.
Ona görə də Azərbaycanın Çinlə ticarət münasibətlərdə ilkin prioritet hədəfi ixracatı artırmaqdır. Çin, istər-istəməz idxalçı ölkə kimi qalacaq. Çünki Azərbaycana idxal olunan Çin məhsulları digər ölkələrin məhsullarına nisbətən daha ucuzdur”.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 55,3 faiz artaraq 52 686 488,2 min dollara çatıb.
Ticarət dövriyyəsinin həcminə görə ilk ölkə İtaliyadır. Bu dövlətlə ticarət dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə 87,5 faiz artaraq 18 122 940,73 min ABŞ dolları təşkil edib.
Azərbaycanın ticarət dövriyyəsində ikinci əsas ölkə Türkiyədir. Ötən il Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 2021-ci illə müqayisədə 25,3 faiz artaraq 5 842 177,83 min dollar təşkil edib.
Ticarət dövriyyəsində üçüncü yerdə Rusiya qərarlaşıb. Bu ölkə ilə ötən il ticarət dövriyyəsi 23,9 faiz artaraq 3 710 239,41 min dollar təşkil edib.