İki mühüm qurum birləşərək dövlət əhəmiyyətli məlumatı əsassız arqumetlərlə təkzib etməyə çalışır-FOTO
Bugünlərdə Böyük Britaniyanın paytaxtı Londonda mənzil qərargahı olan və mülki gəmiçilik məsələlərini tənzimləyən əsas beynəlxalq təşkilat sayılan Beynəlxalq Dəniz Təşkilatın (IMO) Azərbaycanı “qara” siyahıya salması ilə bağlı məlumat vermişdik. Hətta bu barədə müvafiq bildirişin cari ilin may ayının sonunda dərc edildiyini də xatırlatmışdıq.
Məlumatdan görünür ki, ölkələr sihahı üzrə 3 qrup üzrə təsnifatlandırılır: “ağ ”, “boz” və “qara” siyahıda olanlar. Təəssüflə qeyd etməliyik ki, IMO-nun qərarı ilə Azərbaycan - Palau, Beliz, Tanzaniya və Toqo kimi 12 ölkə ilə birlikdə təşkilatın “qara” siyahısına salınıb.
Maraqlıdır ki, bu müddət ərzində beynəlxalq qadağanı tətbiq edən qurumla münasibətlərə və oradakı bayrağımızın statusuna cavabdeh olan Dövlət Dəniz və Liman Agentliyi bu xoşagəlməz hadisənin səbəbləri və nəticələrini, eləcə də, bu vəziyyətdən necə çıxacağımızın yolları barədə ictimaiyyətə heç bir məlumat və izahat verməyib. Çox maraqlıdır ki, bu məlumat tərəfimizdən tirajlanandan sonra, sözügedən qurumun Mətbuat xidmətinin rəhbəri Pərvanə İmanova Azinforum.az-a açıqlamasında bildirdi ki, sorğu etdiyimiz mövzu ilə bağlı onlar heç bir məsuliyyət daşımır, çünki bu məsələ onların yox, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin səlahiyyətinə aid olan məsələdir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin alt qurumu kimi fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyi Beynəlxalq Dəniz Təşkilatında dövlətimizi təmsil edən qurum olduğunu nə tez unudub? Qurumun rəsmi saytında onların Beynəlxalq Dəniz Təşkilatının 11-ci sessiyasında ölkəmizi təmsil etməsi fəxrlə tirajlanıb. Hətta bu məlumatı əks etdirən fotolar qurumun rəsmi saytında ən görünən yerdə yerləşdirilib. Belə çıxır ki, yaxşı nəticələr olanda bu qurum beynəlxalq təşkilatla əməkdaşlığından fəxarətlə danışır, ancaq mənfi nəticələrlə bağlı bütün məsuliyyətdən boyun qaçırır?
Çox maraqlıdır ki, bizim Dövlət Dəniz və Liman Agentliyinə onların birbaşa səlahiyyətlərinə aid olan məsələ ilə bağlı ünvanladığımız sorğuya cavabı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC verib. Biz bu cavabı bizim ilkin məlumatımızı tirajlayan başqa bir saytda gördük. Xəzər Dəniz Gəmiçiliyin Mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev Azinforum.az-a açıqlamasında bildirdi ki, onlar bu məsələni öz səlahiyyətlərinə aid edirlər və buna görə də, yaranmış vəziyyəti şərh ediblər. Qurumun bizə ünvanladığı mövqeyində bildirilir ki, bu qərar yox, statistik siyahıdır və bu siyahı IMO tərəfindən açıqlanmayıb(?) : “…hazırlanan siyahıda ağ və ya boz pillədə yer almaq üçün isə tərəfimizdən zəruri addımlar atılır və bu tədbirlər davam etdiriləcək. Yenidən siyahıda irəliləmək üçün tərəfimizdən müvafiq tədbirlər görüləcək”.
Göründüyü kimi, təqdim olunan və dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edən bu dəqiq fakta qəribə münasibət sərgilənir. Cavab verməli olan əsas qurum məsuliyyəti boynundan atır. Özünü önə verən ASCO isə diqqəti məsələnin əsl məğzindən kənarlara yönəltməyə cəhd edir, lakin sonda faktın doğruluğunu onun əsl mahiyyətini kiçiltməklə dolayısı ilə təsdiq edir. Biz isə yazdığımızın tam həqiqət olduğunu sözügedən qurumların diqqətinə daha aydın çatdırmaq üçün, daha bir möhtəbər dəlil ortaya qoyuruq. Təqdim olunan sənədlərdən bir dsha aydın olur ki, siyahı məhz İMO tərəfindən açıqlanıb.

Təəssüflər olsun ki, ikinci şəkildə biz Azərbaycanın adını “qara” siyahıda görürük. Çox yaxşı olardı ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi özünün alt qurumu kimi tabeçiliyində olan Dövlət Dəniz və Liman Agentliyinə öz səlahiyyət sferalarını bir qədər ətraflı izah edərdi…

Azinforum.az