Ölkənin ən tanınmış iki vəkili məhkəməlik oldu-Ceyhun Yusifov Adəm Məmmədovu niyə məhkəməyə verib?
Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə tanınmış vəkil Ceyhun Yusifovun həmkarı Adəm Məmmədova, onun qardaşı Xəyyam Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə hazırlıq iclası keçirilib.
Ceyhun Yusifov şikayətində həmkarının onu ağır cinayətdə ittiham etməklə böhtan atdığını, şərəf və ləyaqətinin alçaltdığını, işgüzar nüfuzuna zərbə vurduğunu yazıb.
Məhkəmə vəkil Ceyhun Yusifovun həmkarı Adəm Məmmədova qarşı şikayətini icraata qəbul edib.
Qeyd edək ki, məhkəmə predmetinə səbəb son günlər bir çox yerli media nümunələrində vəkil Ceyhun Yusifov haqda yayılan məlumatlar olub. Həmin məlumatlarda qeyd edilirdi ki, bir neçə il əvvəl vəkil həyat yoldaşına bıçaqla ağır xəsarət yetirib. Ceyhun Yusifovun bununla bağlı məhkəməyə müraciət etməsi ona dəlalət edir ki, yazılanları özünə qarşı böhtan sayır.
Ceyhun Yusifovun vəkili və nümayəndəsi Asim Abbasov açıqlamasında deyib ki, Məmmədovlar barəsində xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat başlanıb. Məhkəmə iyulun 25-də davam etdiriləcək.
Vəkil Adəm Məmmədov Azinforum.az-a açıqlamasında məhkəmənin işi icraata götürməsi ilə bağlı məlumatın doğruluğunu təsdiqləyib: “Əimizdə kifayət qədər dəlillər və sübutlar var ki, kiməsə böhtan atmamışıq. Məhkəmənin gedişində biz bıçaqlanma ilə bağlı açılan cinayət işinin materiallarının prosesə təqdim olunmasını tələb edəcəyik. Prosesin gedişi və son nəticə bizim haqlı olduğumuzu üzə çıxaracaq. Bundan əlavə, qanunun tələblərinə görə, mən məlumatın yayıldığı iddia olunan saytın təsiscisi olaraq, ictimailəşdirilən materiallara görə heç bir hüquqi məsuliyyət daşımıram”.
Azinforum.az