Ərin döydüyü arvadı danlayan deputat
Həmkarım Rauf Rəcəbovun dəvəti ilə 2019-cu ilin yazında onun ata yurduna, dağlar qoynunda yerləşən gözəl Lerik elinə qonaq getmişdim. Rauf müəllim xeyir-şər adamı olduğu üçün, bir toya, bir yasa baş çəkdik, evlənənlərin sevincini bölüşdük, kədərlənənlərin acısını paylaşdıq. Təkcə qışda deyil, yazda da soyuq olan Lerikin istiqanlı camaatı məni Rauf Rəcəbovdan ayırmadılar, öz doğmaları, yüz il üzünü görmədikləri əzizləri kimi bağırlarına basdılar...
Bu həmin vaxt idi ki, ölkədə ən çox baxılan sosial verilişlərin vazkeçilməz eksperti idim. ATV-dən girib, ARB-dən çıxırdım. “Xəzər”də Xoşqədəm Hidayətqızının, “Space”də Əməkdar artist Çingiz Əhmədovun qonağı olurdum. Sözsüz ki, ölkənin hər yerində olduğu kimi, Lerikdə də bu verilişlərə baxırdılar. Prinsipial mövqeyim, səmimiyyətim leriklilərin xoşuna gəldiyi üçün mənə belə bir təklif verdilər: “Gələn il parlament seçkilərində bizim rayondan namizəd ol. Hamılıqla sənə səs verəcəyik”.
Həmin vaxt Lerikin deputatı Azərbaycanın ən varlı adamlarından biri idi. Obrazlı desək, pulunu balta kəsmirdi. Görünür yaşadıqları dağların özü kimi vüqarlı olan zəhmətkeş lerikliləri puldan çox səmimiyyət, düz söz maraqlandırırdı. Yoxsa, niyə bir pencəyi efirə 4 il geyinən jurnalisti deputat görmək istəsinlər?
Mən həmin vaxt TV fəaliyyəti ilə yanaşı, ölkənin ən aparıcı saytlarında köşə yazıları ilə çıxış edirdim. Qafqazinfo, Baku.ws, Moderator.az kimi tanınmış saytlarda ictimai-siyasi mövzuda məqalələr yazırdım. Məsələn, 2 sentyabr 2017-ci ildə yazdığım “Hacıbala Abutalıbovu “qarşok”da salamlayan nəsil” adlı köşə yazım böyük ajiotaja səbəb olmuşdu. Amma Lerikin saf, zəhmətkeş insanlarının əksəriyyətinin bu yazılardan xəbəri yox idi. Onlar məni efirdən tanıyır və sevirdilər...
Efirin cazibəsi həmişə böyük olub. Efir insanlara baş gicəlləndirən şöhrət gətirib. Məndən fərqli olaraq, bu şöhrəti sərvətə çevirənlər çoxdur.
Söhbətə uzaqdan başlamağıma baxmayın, mövzu aktualdır, bu günümüzü və sabahımızı əhatə edir. Bildiyiniz kimi, sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası bu seçkiyə 125 namizədlə qatılır. Müxalifət də mandat almaqda iddialıdır. Heç bir partiyanın üzvü olmayan yüzlərlə adam da deputat olmaq istəyir. Hesablamalarıma görə, bu seçkidə 1000-dən çox, bəlkə də 2000-ə yaxın namizəd iştirak edəcək.
Hər kəsin seçmək və seçilmək hüququ var. Bizə namizədlərə uğur diləmək düşür. Namizəd çox olsa yaxşıdır, insanlar ən layiqliləri seçərlər.
Seçərlərmi?
Bax, buna tam əmin deyiləm. Şoudan yazan müxbirimiz dünən dedi, aparıcı Tolik öz verilişində əri tərəfindən döyülmüş hansısa zavallı qadını danlayıb. Həmin görüntülər sosial şəbəkələrdə viral olub. Yüzlərlə insan Tolikin ünvanına xoş sözlər yazıb. Şərhlərin təxminən yarısı bu məzmunda imiş: “Kaş, adamın sənin kimi deputatı olaydı”, “Tolik müəllim, bizim dairədən namizədliyinizi irəli sürün”.
Mən seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinin tərəfdarıyam. Amma bəzən çox bədgüman oluram. Qorxuram ki, əri tərəfindən döyülən arvadları danlayan, it qapmış qarını suçlayan, bu hadisəyə görə köpəyi deyil, qadını günahlandıran bütün aparıcılar deputat seçilsin...
Seymur VERDİZADƏ