Tikinti bazarında şok bahalaşma: Evlər yarımçıq qalır
Son iki həftə ərzində mişar daşının qiymətində əhəmiyyətli artım qeydə alınıb.
Yəni 14 gün əvvəl 40- 50 qəpik olan daş indi 0.8-1 AZN-ə satılır.
Bölgələrdə isə 1 aya yaxındır ki, mişar daşı 0.9-1 manat arası təklif olunduğu iddia olunur. Bu artım həm fərdi ev tikənlər, həm də tikinti şirkətləri üçün ciddi problemlər yaradır. Mütəxəssislərin fikrincə, qiymətlərin qalxması bir sıra faktorlardan qaynaqlanır.
İqtisadçı-ekspert Xalid Kərimli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, mişar daşının bahalaşmasına bir neçə səbəb var:
“Birinci səbəb mişar daşına təlabatın artmasıdır. İkinci səbəb odur ki, ekoloji standartlar yüksəlir. Əvvəlki qaydada daş karxanalarını istismar edə bilmirlər, buna ciddi nəzarət var. Bu da xərcləri, qiymətləri artırır. Üçüncü səbəb isə odur ki, daşınma qiymətləri artıb. Dizelin, yanacağın bahalaşması tikintidə daşınmaya da mühüm təsir edir.
Əvvəllər maşınları nə qədər istəyirdilər, yükləyirdilər, nəzərət yox idi. Lakin hazırda yollara elektron tərəzilər qoyublar. Bu tərəzilər maşınların artıq yüklənməsinə imkan vermir. Avtomatik cərimələyir. Bu kimi bir çox səbəblər qiymətlərin artmasına səbəb olur”.
O qeyd edib ki, yaxın zamanlarda mişar daşının qiyməti ucuzlaşmayacaq:
“Yay aylarında heç bir ucuzlaşma gözlənilmir. Çünki yay ayları tikintinin pik vaxtlarıdır. Bundan əlavə, ucuzlaşma üçün heç bir stimul yoxdur. Daşıma xərcləri yüksəkdir, yanacağın qiyməti, işcilərin maaşı və ekoloji standartları eynidir. Belə olan halda ucuzlaşmadan danışıla bilməz”.