Sosial şəbəkədə biz:

Möhsün Nağısoy: “Azərbaycan dili ən çox KİV və sosial şəbəkədə pozulur”

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. 

18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanla latın qrafikalı müasir əlifbamızın bütün ölkədə geniş, mütləq tətbiqinə başlanılıb. Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi Afad Qurbanovun təşəbbüsü ilə 1 avqust 1990-cı il tarixdə Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin komissiyanın sədri təyin edilib. 

Afad Qurbanov latın qrafikası əsasında yeni müstəqil əlifbamızın layihəsini Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla hazırlamış və komissiyanın müzakirəsinə verib. Sonradan televiziya və mətbuat vasitəsilə müasir əlifbamızın layihəsi ictimaiyyətə çatdırılıb, geniş müzakirə olunaraq 1992-ci ildə qəbul olunub. Bu gün istifadə etdiyimiz latın qrafikalı əlifbanın müəllifi kimi böyük xidmətləri olub. Unudulmamalıdır ki, XX əsrin 20-ci illərində Azərbaycanda istifadə olunan latın qrafikalı əlifba böyük mütəfəkkir M.F.Axundovun ideyası əsasında yaradıldığı halda, hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası Afad Qurbanovun adı ilə bağlıdır. 

Bəs bu gün Azərbaycanın ədəbi dilinin normaları ən çox harada pozulur? 

“Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşavir Şurasının sədri Möhsün Nağısoy bildirib ki, bu gün ədəbi dilin normaları adətən KİV-də və sosial şəbəkələrdə pozulur: 

“Ədəbi dilin 3 norması var: fonetik, leksik və qrammatik. Fonetik norma düzgün yazılış və tələffüzdən bəhs edir. O da 2 yerə bölünılış - orfoepik, orfoqrafik norma. Orfoqrafik düzgün yazılışı, orfoepik norma düzgün tələffüzü bildirir. Leksik norma sözlərin düzgün işlənməməsindən bəhs edir. Təəssüf ki, hər 3 norma  pozulur. Daha çox saytlarda, sosial şəbəkələrdə fonetik normaların pozulduğunu müşahidə edirik. Televiziyada da hər 3 norma pozulur. Bu, ciddi problemdir”. 

Həmsöhbətimiz bildirib ki, Dilçilik İnsititutunda Nitq Mədəniyyəti və Monitorinq Şöbəsi və Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzi sırf bununla məşğul olur: 

“Bu istiqamətdə işlər aparılır, maarifləndirmə işləri görülür. Ədəbi dilin normaları qorunmalı və onun düzgünlüyü insanlara çatdırılmalıdır”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol