Qaz gəliri azalan neft pulunu kompensasiya edə biləcəkmi?
Azərbaycan Mərkəzi Bankı xam neftin və təbii qazın qiymətləri barədə proqnozlarını açıqlayıb.
Mərkəzi Bank gələn il xam neftin ucuzlaşacağını, qazın isə bahalaşacağını nəzərdə tutur. Mərkəzi Bankda keçirilmiş mətbuat konfransında sədr Taleh Kazımov bildirib ki, 2024-cü ildə xam neftin orta qiymətinin 84,9 ABŞ dolları, 1000 kub metr təbii qazın orta qiymətinin isə 296,1 ABŞ doları olacağı proqnozlaşdırılır.
2025-ci il üçün proqnozlar müvafiq olaraq 83,8 və 332,5 ABŞ dollarıdır.
Cari əməliyyat balansının profisitinin 2024-cü ilin sonunda 7 milyard ABŞ dolları ətrafında, 2025-ci ildə isə 6 milyard ABŞ dolları ətrafında olacağı nəzərdə tutulur. 2024-cü ilin 1-ci rübündə cari əməliyyat balansının profisiti 1,7 milyard ABŞ dolları təşkil edib.
Taleh Kazımov əlavə edib ki, Mərkəzi Bankın iyun ayında yenilənmiş proqnozlarına əsasən, 2024-cü ildə ümumi daxili məhsulun 3,5%-4% civarında, qeyri-neft ümumi daxili məhsulunun isə 5,5%-6% artacağı gözlənilir. 2025-ci ildə isə ümumi daxili məhsulun 2% - 2,5% intervalında, qeyri-neft ümumi daxili məhsulunun 4%-5% aralığında artacağı proqnozlaşdırılır.
Bəs qaz gəliri Azərbaycanın azalan neft gəlirini kompensasiya edə biləcəkmi?
İqtisadçı Akif Nəsirli “Cümhuriyət”-ə bildirib ki, qiymət sabitləşsə, kompensasiya mümkündür:

"Bizim qaz ehtiyatlarımız o qədər çox deyil ki, neftin ucuzlaşması və hasilatının azalmasını kompensasiya etsin. Qısa müddət üçün qaz bahalaşa bilər. Amma bu bahalaşma uzun müddət davam edə bilməz. 2022-ci ildə qazın kubmetri 2 min avroya qədər bahalaşdı. Qiymət sabitləşsə, kompensasiya mümkündür. Amma bu mümkün deyil. Ona görə düşünmürəm ki, qarşıdakı 5 ildə neftin ucuzlaşması və azalması nəticəsində itirilən məbləği qaz ehtiyatlarımız kompensasiya etsin".
Onun sözlərinə görə, qaz ehtiyatları yalnız 60 faiz kompensasiya edə bilər:
"Uzağı, 60 faizini kompensasiya edəcək, 40 faizi “açıqda” qalacaq. Ola bilər, heç onu da etməsin. Çünki dünya qarşıdakı illərdə alternativ və bərpa olunan enerjiyə daha çox üstünlük verəcək. Bu üstünlüyün getdikcə artması neftə də tələbatı aşağı salacaq.
Karbohidrogen ehtiyatları yaxın 10 ildə xeyli dərəcədə aşağı düşəcək.
Ona görə də qarşıdakı illərdə bu ehtiyatlara o qədər də güvənmək mümkün deyil".
İqtisadçı Natiq Cəfərli isə deyib ki, qaz gəlirləri neft gəlirlərini yaxın illərdə kompensasiya etməyəcək:

"Ən yaxşı halda 2028-ci ildə kompensasiya edə bilər və yaxud buna yaxınlaşa bilər. Neft gəlirlərini kompensasiya etməsi üçün qaz gəlirlərinin Azərbaycanın pay bölgəsini dəyişməsinə ehtiyac var. Hələlik bu yoxdur. Qazda bu səviyyəyə çıxmaq üçün bir neçə il lazımdır. 2028-ci ildə bu dərəcəyə çıxmaq mümkündür. İndiki halda isə bu mümkünsüzdür".