Nazir müavini “taksi islahatının” bərbad nəticə verdiyini etiraf edib- tanınmış simalar da narazıdır…
Bir neçə gün əvvəl, paytaxta taksilərin sayının azalması faktını uğurlu “islahat” kimi qələmə verməyə çalışan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bizim bu sahədə olan real mənzərə haqda faktları təqdim etdiyimizdən sonra bəzi səmimi etirafları etməyə məcbur olub.
Nazir müavini Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüşdə görün nə deyib?
Sitat:
“Yeni tələblərin tətbiqindən sonra sürücülərin ünvanlara fərqli avtomobillə gəlməsi, çatdırılma xidməti adı altında sərnişindaşımaların həyata keçirilməsi, icazəsi olmayan nəqliyyat vasitələrinə sifarişlərin ötürülməsi kimi hallar müşahidə edilir”.
Nazir müavini deyib ki, vətəndaşlar tərəfindən daxil olan müraciətlər araşdırılır və qanunvericiliyin tələblərinə riayət etməyənlər daşımalardan kənarlaşdırılır.
Sonda taksi şirkətlərinə qısa müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil etmək tövsiyə olunub.
Dekarativ mahiyyət daşıyan bu cür tədbirlərin keçirilməsinə baxmayaraq, bir daha aydın olur ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “taksi islahatı” heç bir müsbət nəticə verməyib və bu acı faktı onların özləri də etiraf edir.
Nazirlik bəyan edirdi ki, “islahat” nəticəsində taksi kimi fəaliyyət göstərən köhnə avtomobillər sıradan çıxacaq, bunun da nəticəsində tıxaclar azalacaq, dövriyəyə buraxılış ili 8-dən az olan ağ və qırmızı rəngli avtomobillər buraxılacaq.
Təəssüflər olsun ki, nəticədə biz tam bunun əksini görürük. Real mənzərə bundan ibarətdir ki, qiymətlər kəskin artsa da, taksilərin keyfiyyəti dəyişməyib. Bunlar əvvəlki kimi köhnə avtomobillərdir.
Keyfiyyətin aşağı düşməsi və qiymətlərin artması insanları yenidən şəxsi avtomobillərdən istifadəyə daha çox vadar edir. Bununda nəticəsində tıxaclar artır. Ölkədə “taksi xaosu”nun qarşısı qəribə metodlarla alınır. Sistemdə ili yeni olan bir avtomobil qeyd olunur, əslində isə sifarişi başqa biri - ili köhnə olan avtomobillə icra edir. Bundan əlavə, biz küçələrin künc-bucaqlarında, metro çıxışlarında qeydiyyatsız taksilərin sayının da artdığını müşahidə edirik.
Bu açınacaqlı vəziyyətlə bağlı bir çox tanınmış şəxslər və sadə vətəndaşlar da həyacan təbili çalır.
Tanınmış müğənni Nura Suri öz sosial şəbəkə hesabında etdiyi sifariş əsasında ona taksi kimi göndərilən avtomobilin həm çöldən, həm də daxildən fotolarını paylaşıb. Mənzərə olduqca acınacaqlıdır.

Digər tanınmış sima- telejurnalist Nərmin Samanova da, öz sosial şəbəkə hesabında taksi kimi sifarişə gələn nimdaş bir avtomobilin fotosunu qoyaraq, bunlatı yazıb:
“Guya təzə - buraxılış ili 15 ildən çox olmayan maşınların taksi fəaliyyətinə buraxılması müştərilər üçün nəyi düzəltdi ki? Kondisioneri yox, ya da işlətmirlər, içi çirkli, maşın vurulmuş, əzik halda, sürücü mədəniyyəti də əvvəlki kimi - “kinder sürpriz” - eləsi də çıxa bilər qabağına, beləsi də. Amma qiymətlər nədənsə bahalaşıb. Hansı artan xidmətə görə?
Fotonu özüm çəkmişəm, “UBER” sifarişində arxamca gələn taksi idi. “Komfort” çağıranda da arada bərbadları qabağıma çıxır, ona görə hansı tez gələcəksə, onu seçirəm”.

Jurnalist Asif Mehman isə “islahat” daığasından sonra yaşanan başqa bir biabırçılığı qeyd edir: “Taksi sifariş vermişəm, 3 manat yazıb. Sürücü zəng edib, deyir ki, 5 manat verirsənsə gəlirəm”.

İnanın ki, sosial şəbəkələrdə ifadə olunan yüzlərlə belə narazılıqları qeyd etmək olar. İndi deyin görək, nəticəsi vətəndaşlara və iqtisadiyyata heç bir fayda verməyən bir “islahat” kimə lazımdır? Yəqin ki, bu cür “taksi islahatı” yuxarılara yalan hesabat vermək üçün yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin işinə yarıyır, başqa heç kimin. İstinad etdiyimiz tanınmış simaların yazdıqlarının skrinşotlarını təqdim edirik. Baxın və özünüz nəticə çıxarın ki, bizə islahat adı ilə nəyi sırıyırlar?..
Məhəmmədəli QƏRİBLİ,
Azinforum.az