Sosial şəbəkədə biz:

Naxçıvanın qorunmasında xüsusi şücaət göstərmiş “Sportrota”nın döyüş komandirindən Prezidentə müraciət

Cənab Ali Baş Komandan,

Siz 200 illik tariximizdə ən böyük qələbəni qazanmış sərkərdəsiniz və mən məhz bu şərəfli adı daşıdığınız üçün Sizə məktub yazmaqdan böyük qürur duyuram. Etiraf etmək istəyirəm ki, Siz indiyədək bir çox böyük sərkərdələrdən fərqli olaraq, öz fəaliyyətinizə təvazökarlıqla yanaşıb, 44 günlük Vətən Müharibəsində və 1-günlük antiterror əməliyyatlarında qazanılan uğurun ən böyük müəllifinin Azərbaycan Ordusu olduğunu bildirmisiniz. Məhz bu keyfiyyətinizlə başda biz keçmiş müharibə veteranları olmaqla bütün Azərbaycanın sevgisini qazanmısınız. Hər kəs Sizi təkcə böyük Sərkərdə kimi yox, həm də təvazökar Prezident, hər kəsin haqqını verən Böyük İNSAN kimi tanıyır. Mən də bu qənaətimə sığınıb haqqımızın bərpa üçün Sizə müraciət etməyi qərara almışam.

Cənab Prezident, özünüzün də dəfələrlə qeyd etdiyiniz kimi, Siz dahi rəhbərimiz Heydər Əliyevin təkcə fiziki və hüquqi varisi deyil, həm də onun yolunu davam etdirən Böyük bir Şəxsiyyətsiniz. 44 günlük müharibədə Şuşanın işğaldan azad olunması xəbərini mərhum Prezident Heydər Əliyevin məzarı üzərində ictimailəşdirməyiniz və kövrələrək, “Sənin arzunu reallaşdırdıq, Ata”, - deməyiniz də bunun ən bariz sübutudur və 4 ilə yaxındır ki, şəxsən mənim beynimə həkk olunmuş ən gözəl xatirə kimi yaşayır.

Bu fakt həm də onu göstərir ki, Siz son 4 ildə qazandığınız bütün qələbələrin başlanğıcını dahi rəhbərin atdığı ilk addımlara bağlayırsınız. Bir övlad kimi bu hərəkətiniz bir daha sübut edir ki, mərhum Heydər Əliyev Sizə təkcə siyasi və diplomatik qabiliyyətlərini öyrətməyib, həm də düşmənlə necə savaşmağın, səbr və təmkinlə öz hədəfinə doğru irəliləməyin, ardıcıllığın və əsgərlərinə qayğı ilə yanaşmağın örnəklərini miras qoyub. Siz də bu nümunələrdən müəyyən nəticələr çıxararaq hərbi-siyasi strategiyalarınızı müəyyənləşdirmisiniz.

Dahi rəhbərin müasir Azərbaycanımıza miras buraxdığı yadigarlardan biri də, nə qədər təvazökarlıqdan uzaq səslənsə də, bizlərik – XTB-nin döyüşçüləri. Bəli, bəzilərinin “Sportrota”, bəzilərinin isə “Naxçıvanın 300 Spartalısı” adlandırdığı XTB mərhum Heydər Əliyev tərəfindən yaradılıb və Muxtar Respublikanın qorunmasında misilsiz rol oynayıb. 1991-1992-cı illəri xatırlayan hər kəs etiraf edər ki, biz Naxçıvanın müdafiəsində ən ön cərgələrdə yer almışıq, ən ağır məhrumiyyətlərə və hücumlara məruz qalsaq belə, geri çəkilməmişik. Düşmənlə qeyri-bərabər döyüşlərdə xeyli yaralananlarımız və şəhid düşənlərimiz olmasına baxmayaraq, mövqelərimizi və Vətən torpağını göz bəbəyi kimi qorumuşuq. Təsadüfi deyil ki, Ordumuzun hələ formalaşmadığı 1992-cı ildə bizim düşmən hücumlarının qarşını alıb cəbhə xətti yaratdığımız ərazilər bu gün belə, Azərbaycan əsgərinin dayandığı sərhəd postuna çevrilib. Bizim postların indiyədək öz yerində dayanması XTB-nin mübarizədə nə qədər prinsipial və dönməz olduğunun ən bariz dəlili sayıla bilər.

Cənab Prezident, bizə yaxınlarımız da, bədxahlarımız da həmişə “Heydər Əliyevin əsgərləri” deyiblər. Bunun bir səbəbi şəxsən Heydər Əliyev tərəfindən xüsusi hərbi xidmətlər üçün yaradılmağımızdırsa, digər səbəbi ona həmişə sədaqətlə bağlı qalmağımızdır. Sirr deyil ki, bəzən məhz “Heydər Əliyevin əsgərləri” olduğumuz üçün o dövrün ən yüksəkrütbəli generalları tərəfindən “gözümçıxdı”ya salınmış və mükafatlardan uzaq tutulmuşuq. Görünür, bəzi məkrli qüvvələr bizim adımızın hansısa tədbirlərdə səsləndirilməsindən belə çəkinib, dahi rəhbərin diqqətini çəkməməyimizə çalışıblar. Yəqin ondan qorxublar ki, bizim fərq edilməyimiz sonradan ortaya çıxan “fədailər”in diqqətdən kənarda qalması ilə nəticələnər, görülən işlərin, fədakarlıqların əsl müəllifləri bilinər.

Bəlkə də diqqətdən kənarda saxlanılmağımızın nəticəsidir ki, bəzən bizim göstərdiyimiz şücaətləri öz adlarına çıxanlar olub. Onlar bizim Vətən uğrunda apardığımız mübarizənin arxasında gizlənib özlərinə ad-san qazanmaq istəyiblər. Başqalarının qəhrəmanlıqlarını döşdən asanlar əslində bizi təəccübləndirmir də. Tarix belə insanlarla doludur və onlar bu gün də var, yəqin ki, sabah da olacaqlar. Bütün özgə hesabına qəhrəman olmağa çalışanların əsgərlərimizin cəbhə xəttində çəkilən şəkillərini paylaşıb öz qəhrəmanlıqlarından dəm vurmasına biz səbrlə yanaşmışıq və yanaşacağıq da. Ona görə ki, biz ad-san, şan-şöhrət üçün yox, Vətənimiz və bizə böyük ümidlərlə baxan dahi rəhbərimizin etimadını doğrultmaq üçün canımızı düşmən atəşinə sipər etmişdik və bundan peşiman da deyilik. Əksinə, “qərhəmanlıqların, qələbələrin sahibi çox olar, məğlubiyyətlər isə həmişə yetim qalar” aforizminə inandığımızdan və öz uğurlarımızı Vətənimizin “ümumi qazancı” hesab etdiyimizdən bu haqq mənimsəmələrinə göz yummuşuq.

Bununla belə, davamçısı olduğunuz dahi şəxsiyyətin sadiq əsgərləri kimi Sizdən iki xahişimiz var:

1) Azərbaycanın müasir hərb tarixinin təhrif olunmadan düzgün araşdırılmasına göstəriş verəsiniz. 1990-cı illərə aid materialların toplanmasında biz də o tarixin iştirakçıları və canlı şahidləri kimi müvafiq qurumları məlumatlandırmağa hazırıq.

2) XTB-dən başlayıb 24 saatlıq antiterror əməliyyatına qədər davam edən və adı atanız və Sizinlə bağlı olan mübarizə tariximizi əbədiləşdirmək üçün Sizinlə fotoşəkil çəkdirmək istərdik. İnanırıq ki, Sizə və atanıza sadiq əsgər kimi bu arzumuzu xoş qarşılayar və bu istəyimizi bizə çox görmərsiniz.

Hörmətlə, İbrahim Əliyev,
XTB-nin komandir müavini

Azinforum.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol