Toy və yasda kütləvi zəhərlənmə: Su çənləri xəstəlik yayır
Gəncə və Göygöldə baş verən kütləvi zəhərlənmə hadisələrinin ilkin nəticələri məlum olub.
Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildrilib ki, bir neçə gün əvvəl Gəncə şəhərində keçirilən yas mərasimində və Göygöldə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində ("Araz", "Xanlar Yurdu", "Ağ Ayı") baş verən kütləvi zəhərlənmə hadisələri ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb.
"Hadisələrin qida zəhərlənməsi ilə bağlı olmadığı məlum olub. Çoxsaylı insanın sağlamlığına zərər verən hadisələrin məişətdə istifadə edilən suyun ikincili çirklənməsi nəticəsində baş verdiyi müəyyən edilib. Faktla bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək", - deyə qurumdan verilən məlumatda bildirilib.
Qeyd edək ki, son vaxtlar ölkədə toy və yas məclislərində ardıcıl olaraq zəhərlənmələr baş verib. Bunun əsas səbəbi kimi qida zəhərlənməsi nəzərdə tutulurdu. Nəticələrdən aydın olan suyun ikincili çirklənməsi prosesi necə baş verir?
“Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov “Cebheinfo.az”a bildirib ki, rayon yerlərində bir çox toy və yas məclislərində suyu mənbədən götürüb başqa bir qaba, çənlərə doldururlar:
“Onu yas və toy məclislərinə gətirirlər. O çənlər vaxtında yuyulmur. Nəticədə ikincili çirklənmə baş verir. Belə halda suda müəyyən bakteriyalar yaranır. Bildirim ki, AQTA həmin çənlərdən ekspertiza üçün nümunələr götürüb. Ona görə nəticə ikincili çirklənmə hesab olunur.
Yəqin bu sudan baş verib. Biz öncədən də demişdik ki, mütləq istehlakçının öz günahı üzündən, suyu gətirənlərlə bağlı olacaq. Bu, belə də oldu. Necə deyərlər, ya zəlzələdən, ya da vəlvələdən zəhərlənmələr ardıcıl davam edir. AQTA ikincili çirklənməni və s. nəzarətə götürməlidir ki, bu proseslər ölkədə azalsın”.