Toy, yas, telefon, hətta ərzaq üçün kredit: Azərbaycanda mənzərə belədir
Azərbaycan Respublikası Mərkəzi Bankı xəbər verir ki, 2024-cü ilin iyul ayında bankların kredit portfeli 1 faiz və ya 265 milyon manat artaraq 25,7 milyard manat olub.
Kreditlərin 54 faizi sahiblkarlıq, 30,2 faizi istehlak məqsədli, 15,6 faizi isə ipoteka kreditləridir.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,5 faiz bəndi azalaraq 1,7 faiz təşkil edib. Qeyd edək ki, bu gün ölkədə istehlak kreditləri üçün müraciət edən vətəndaşların sayı azalmır, əksinə daha da artır. Bunun yaranma səbəbləri və həlli yolu nədir?
İqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, Avropa ölkələrində ümumi bank kapitalında istehlak kreditlərinin həcmi 15 faizdən yuxarı olmur:
“Ancaq inkişaf etməmiş, daha çox istisadi problemlər yaşayan, azgəlirli, orta aylıq, minimum əməkhaqqının həcminə görə aşağı kateqoriyalı ölkələrdə istehlak kreditləri yüksək olur.
İstehlak kreditlərinin yüksəlməsi vətəndaşların həyat şəraitinin ağırlaşdığını göstərən ən əsas göstəricilərdən biridir. Bunu təsnifatlandırsaq, Azərbaycanda vətəndaşlar bəzi hallarda şənlik, ərzaq və digər zəruri məişət problemlərini həll etmək üçün də kredit götürmək məcburiyyətində qalır”.
Ekspert bildirib ki, oxşar proseslər Türkiyə, Rusiya, Qazaxıstanda da yaşanırdı:
“Vətəndaşlar ərzaq zənbilini formalaşdırmaq üçün belə, kreditlərə baş vururdular. Bu da ölkədə əhalinin həyat səviyyəsinin pisləşməsini göstərən əsas indiqatorlardan biridir. Əgər Azərbaycanda vətəndaş toya getmək, toy etmək, sıradan bir şənlikdə iştirak və ya onun təşkilatçısı olmaq, səhiyyə xərclərini, zəruri təhsil xərclərini qarşılamaq üçün aşağı və ya orta məbləğdə kredit götürmək məcburiyyətində qalırsa, bu, o deməkdir ki, həmin ölkədə vətəndaşların həyat səviyyəsi çox aşağıdır.
Azərbaycanda icbari tibbi sığorta sistemi tam olaraq vətəndaşların tibbi ehtiyaclarını qarşılamır, nəticə etibarilə vətəndaşlar kredit götürmək məcburiyyətində qalırlar. Vətəndaşların təhsil almaq hüquqları dövlət tərəfindən tam təmin edilmədiyinə, təhsilin keyfiyyətinin aşağı olmasına görə vətəndaşlar kütləvi şəkildə repetitora müraciət etmək məcburiyyətində qalıb. Bu zaman da vətəndaşların istehlak yükü artır.
Təhsil, səhiyyə, gündəlik ərzaq zənbilinin formalaşması kimi cari məsələlər ki var, bunlar fundamental insan yaşamının təmin edilməsi ilə bağlı problemlərdir. Bu problemlərin həllini dövlət həyata keçirməlidir”.
Ekspert deyir ki, hökumət sosial proqramlarla bunu təşkil etməlidir:
“Bu, Azərbaycanda yetərli səviyyədə olmadığına görə vətəndaşlar da kiçik, orta istehlak kreditlərinə müraciət etmək məcburiyyətində qalırlar. Bu, vətəndaşların həyat şəraitinin ağırlaşdığını göstərən əsas məqamlardan biridir.
Vətəndaşlar bəzən mobil telefonlar, məişət texnikası və s. almaq üçün də kreditlərə müraciət edirlər. Bu kreditlər dünyada “ölü kreditlər” kateqoriyasına aid edilir. Yəni cəmiyyətin, dövlətin inkişafı üçün heç bir yatırım kimi qəbul edilmir. Gündəlik, aylıq zəruri ehtiyacların qarşılanması üçün keçici dövr üçün “ölü investisiyalar” hesab olunur. Bu pullar hər hansı bir şəkildə faydalılıq əmsalı ortaya çıxarmır.
Məsələn, vətəndaş bir telefon alırsa, 5 aydan sonra onun heç bir maddi dəyəri qalmır. Yaxud bir aylıq istehlak zənbilini formalaşdırmaq üçün ani kreditlərə müraciət edirlər, qidalanırlar, aylarla onu ödəmək məcburiyyətində qalırlar. Yaxud da toy, şənlik, ad günləri və s. Bütün bunlar insanların orta yaşam təminatı üçündür. Bunlar geri dönməyən, iqtisadiyyata, hətta bəzən bankların özü üçün də faydasız olan, daha çox problemli kreditlər portfelini formlaşdıran kreditlərdir”.
Həmsöhbətimiz bildirib ki, istehlak kreditlərinin həcminin artması fonunda eyni zamanda faiz dərəcələri də kifayət qədər yüksəkdir:
“MDB məkanındakı indiqatorlara diqqət etsək görərik ki, kredit faizləri kifayət qədər aşağıdır. Azərbaycanda bəzən elə olur ki, kiçik istehlak kreditləri üçün illik 28- 29 faiz hesablanır. Bu, kiçikhəcmli kreditlər üçün böyük rəqəmdir.
Nəticə etibarilə də burada problemli kreditlər portfeli formalaşır, vətəndaşın yükü artır. Vətəndaş bu gündən sabaha bir ümidlə yaşamaq məcburiyyətində qalır. Azərbaycanda mənzərə bundan ibarətdir. Artıq ölkədə kiçik və orta istehalk kreditlərinin girovuna çevrilmiş vətəndaşların sayı 2 miyona yaxınlaşır. İstehlak kreditlərinin artması, faizlərin yüksək olması ölkə insanının yaşam səviyyəsini gündən-günə ağırlaşdığını göstərən faktorlardan biridir. Bu, mənim fikrim deyil, ümumi iqtisadiyyatda qəbul edilmiş formuldur”.
Ekspertin sözlərinə görə, yüksək əməkhaqqıya nail olmaq mümkün olmur:
“Əməkhaqqı nə qədər artırılsa belə, vətəndaş yenə səhiyyə xərcini qarşılamalıdır, aldığı minimum əməkhaqqı, müavinətlə qidalana, zəruri ehtiyaclarının qarşılaya bilmirsə, yenə də nə qədər artsa belə, zəruri ehtiyaclarına sərf olunacaq. Hətta biz buraya mənzil təsərrüfatlarını, elektrik enerjisi, qaz, su, benzinin, dizelin qiymətlərini də buraya əlavə edə bilərik. Yəni maaşların artırılması problemin həlli yolu deyil. Burada hökumət daha əlverişli mexanizm hazırlamalıdır. Dərman təminatı, normal tibbi xidmətlər göstərilməli, onkoloji, şəkər xəstələri, digər ağır xəstəlikləri olanlarla bağlı proqram hazırlanmalıdır.
Orta məktəblərdə təhsilin səviyyəsi artırılmalıdır. Ali məktəblərdə dövlət sifarişli pulsuz təhsil yüzdə yüzə çıxarılmalıdır. Bu kimi sosial proqramlar həyata keçirilməlidir ki, vətəndaşların yükü azalsın.
Vətəndaş gündəlik zəruri ehtiyacını qarşılamaq üçün kreditə almasın. Bu həll edilməsə, əməkhaqqı nə qədər artırılsa belə, nəticə dəyişməyəcək.
Yenə istehlak krediti artacaq, vətəndaşın sosial rifahı aşağı səviyyədə olacaq. Məsələn, qazın, işığın, suyun qiymətini aşağı salmaq olar. Ölkəmizin bunun üçün potensialı, imkanı var. Benzinin, dizelin qiymətini ucuzlaşdırmaq olar. Bu şəkildə vətəndaşın yükü azalanda avtomatik olaraq yaşam üçün zəruri olan ehtiyacları qarşılamaq üçün istehlak kreditinə baş vurmayacaq. Bu da onu göstərəcək ki, vətəndaşın yaşam səviyyəsi yüksəlib”.