Dövlət ailələri boşanmadan necə qoruya bilər?
Azərbaycanda boşanmaların sayı artır.
Təkcə cari ilin ilk beş ayı ərzində 17448 nikah və 8795 boşanma halları qeydə alınıb. Nikahları dəstəkləmək üçün isə “uşaqpulu” kimi təkliflər irəli sürülür. Bu təklifin tətbiqi illərdir ki, müzakirə mövzusudur.
Lakin təbii ki, tək “uşaqpulu”nun verilməməsi boşanmaya gətirib çıxartmır, səbəblər çox, nəticələr isə eynidir. Vəziyyət ciddi narahatlıq doğurduğu indiki zamanda nikahı stimullaşdırmaq üçün nə edilməlidir? Dövlət bu sahədə nə kimi tədbirlər görə bilər?
İqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə deyib ki, boşanmaların ən böyük səbəbi gənc ailələrin evsizliyidir:

"Azərbaycanda boşanma sayının artması kifayət qədər narahatedici səviyyələrə qalxıb. Əsas məsələlərdən biri maddidir və ev məsələsidir.
Azərbaycanda mənzil əlçatan deyil. Gənc ailələr ya kirayədə, ya da öz ailələrinin içində- atası, anası ilə qalmağa məcbur olurlar. Bu da gənc ailələrin sərbəst və rahat yaşamasına imkan vermir. Söz-söhbətə, müəyyən problemlərə səbəb olur ki, bu da boşanmalara qədər gətirib çıxarır".
O qeyd edib ki, Azərbaycanda heç olmasa ailədəki ikinci uşağa müavinət verilməlidir:
““Uşaqpulu” məsələsi sözsüz həll edilməlidir. Boşanmayan ailələr də var, insanlar çətin durumda yaşayırlar. Biz aidiyyəti qurumlara təklif də göndərmişik ki, heç olmasa ilk addım kimi ailənin ikinci uşağına ayda 100 manat verilsin. Sonradan bu, digər uşaqlara da şamil edilə bilər".
Psixoloq Elnarə Kərimova açıqlamasında bildirib ki, ilk növbədə ailələrin boşanma səbəblərini fundamental şəkildə öyrənən tədqiqat ortaya qoyulmalıdır:

“Ümumi olaraq boşanma səbəbi kimi daha çox sosial-iqtisadi durum, insanların gərgin psixoloji vəziyyəti göstərilir. Ancaq ailələrdə bundan başqa səbəblərdən də boşanmalar var və çox zaman bu səbəblər açıb- ağardılmır, cütlüklər bu barədə danışmağı sanki tabu hesab edirlər.
Nəticədə də nəinki gənc ailələr, hətta kifayət qədər uzun müddət bir yerdə yaşayan cütlüklər də ayrılır. Məhkəmələrdə boşanma səbəbi kimi çox hallarda “xasiyyətimiz uyğun gəlmir” göstərilir, ancaq bunun məhz nədən qaynaqlandığı göstərilmir”.
Psixoloq hesab edir ki, ailələrin dəstəkləməsi istiqamətində dövlət səviyyəsində layihələr vacibdir:
“Ancaq bunun üçün ilk növbədə ailələrin boşanma səbəbləri barədə geniş, əhatəli, həqiqi mənzərəni əks etdirən tədqiqat ortaya qoyulmalıdır.
Dəstək layihələri siyahıda birinci olan səbəbdən başlayaraq bütün səbəblərin tədricən aradan qaldırılmasına yönəldilməlidir”.
Sosioloq Lalə Mehralı qeyd edib ki, boşanmaların səbəbi mənəvi-psixoloji, mənəviyyat problemləridir:

"Mən əslində boşanmaların böyük faizinin maddi çətinliklərdən baş verdiyini iddia edənlərlə razılaşmıram. Bunun boşanmalardakı faizi cüzidir. Digər səbəblərin yanında bu səbəb fil və qarışqa arasındakı fərq qədərdir. Statistikaya görə, bu ilin ilk 6 ayında 22 minə yaxın nikah bağlanıb.
Onlardan 10 mindən artığı boşanma ilə nəticələnib. Bu, o deməkdir ki, hər iki ailədən biri dağılıb. Bunun altında ciddi formada mənəvi-psixoloji, mənəviyyat problemləri yatır. Bu, o qədər problemdir ki bərpası mümkün deyil. Bundan sonra nə qədər çalışsaq da, bərpa etmək mümkün olmayacaq.
Boşanmalarda mənəviyyat problemləri digər problemlərin önünə keçir.
İnsanlarda bir-birinə qarşı güvən, inam, etibar, empatiya, güzəşt yoxdur. Bütün mənəvi- psixoloji amillər ailələrdə "yox" deyiləcək qədər aşağı səviyyədədir. Ər və arvad bir birinə qarşı çox amansızdırlar. Heç kəs bir-birinə güzəşt etmək istəmir, sözlərini həzm etmir. Biri od olanda, artıq digəri su olmur".
Onun sözlərinə görə, gənclər artıq evlənməkdən qorxurlar: "Görür ki, Əli, Vəli, Məhəmməd - hamısı boşanır, o da evlənmir. Qonşusunda, qohumunda, işində, ətrafında bu qədər boşanma görən gənc evlənmək, qızlar ərə getmək istəmir. Ona görə də gəncləri evlənməyə, evliliyə tələsdirmək lazım deyil. Bu, bizim demoqrafik problemimizdir, əhali sayında azalma deməkdir, amma boşanmaların sayını azaltmaq üçün əvvəlcə səbəbləri aradan qaldırmaq lazımdır. Niyə insanlar evlənir və heç 1 il olmadan boşanır? Ona görə əvvəlcə bu səbəbləri aradan qaldırmaq, sonra nikahlara təşviq etmək lazımdır".
Onun sözlərinə görə, “uşaqpulu” ailənin vəziyyətinin yaxşılaşdırılması üçün olduqca vacibdir: "Ailələrə dövlət öz dəstəyini göstərməlidir.
Sabah o uşaq əsgər gedəcəksə, dövlətin təhlükəsizliyinin keşiyində duracaqsa, o uşağın böyümə prosesində dövlət öz kölgəsini ailələrə hiss etdirməlidir.
Amma insanlar evlənəndə düşünmürlər ki, mən evlənəcəyəm, dövlət mənə “uşaqpulu” verəcək. İnsanlar dövlətə arxayın olmadan evlənirlər.
Ailəsini də “uşaqpulu” verilmədiyi üçün dağıtmırlar. Düzdür, “uşaqpulu” verilsə, maddi dəstək göstərilsə, maddi səbəbdən boşanan ailələrin sayı azalar. Amma bu, o demək deyil ki, “uşaqpulu” verilmir deyə, ailəni dağıtmalıdırlar".