Rəqabət Məcəlləsinin bazara təsiri varmı?
Ölkə iqtisadiyyatında bir sıra problemlərin həlli ilə bağlı Rəqabət Məcəlləsinin qəbul edilməsinə ehtiyac vardı.
Artıq bir müddətdir ki, ölkədə Rəqabət Məcəlləsi qəbul edilib. Lakin bu qanunun təsdiqindən sonra iqtisadi sahədə ciddi dəyişiklik müşahidə edilmir.
Ümumiyyətlə, Rəqabət Məcəlləsinin bazara təsiri varmı, əgər varsa, o zaman son qiymət artımlardan biri kimi internetin bahalaşmasında niyə bunu görmədik?
İqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”a bildirib ki, Azərbaycanda Rəqabət Məcəlləsinin işləmə mexanizmlərinin həyata keçirilməsini Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirməlidir:
“Eyni zamanda Rəqabət Məcəlləsinin işləməsi üçün Gömrük Məcəlləsi ilə uyğunlaşdırılmalıdır. Məcəllə qəbul olunarkən bir sıra təkliflər vardı ki, Gömrük Məcəlləsi, eyni zamanda “Banklar haqqında” Qanunun 72-ci maddəsinə əlavələr olunmalıdır.
Bütövlükdə kompleks olaraq Rəqabət Məcəlləsinin işləməsi üçün qanunlar toplusu və normativ hüquqi aktların qəbul edilməsinə ehtiyac vardı.
Hələlik bunların heç biri həyata keçirillmədiyinə görə praktik olaraq Rəqabət Məcəlləsinin işləmə mexanizmi mövcud deyil.
Faktiki olaraq bazarda, xüsusilə də istehlak bazarında, ticarət münasibətlərində, daxili bazarın tənzimlənməsində Rəqabət Məcəlləsinin işləmə mexanizmlərini tətbiq etmək mümkün olmayıb”.
O ki qaldı internet qiymətlərinə, ekspertin sözlərinə görə, burada konkret inhisarçılıqdan söhbət gedir:
“Bununla bağlı Agentlik bir xəbər də yaymışdı. Bu sadəcə açıqlamadan ibarət oldu. “Aztelekom” İstehsalat Birliyinin internet tariflərini artırmaqla bağlı verdiyi qərardan sonra digər provayderlər də qiyməti artırmaq məcburiyyətində qaldılar. Daha doğrusu buna məcbur edildilər.
Çünki ölkənin regionlarının internet təminatı inhisardadır. Onu yalnız bir şirkət həyata keçirir. Ölkənin təxminən 60 faizə yaxın internet şəbəkəsinə qoşulmasını “Aztelekom” həyata keçirir. Burada da inhisarçılıq açıq-aşkar özünü göstərir.
Belə olan təqdirdə bazarda hegemonluq və qiymətlərin diqtə edilməsi nəticə etibarilə də qiymətlərin artmasına gətirib çıxarır. Niyə yalnız bazarda bir və ya bir neçə şirkət mövcuddur? Öncə ondan başlamaq lazımdır.
Bu bütün sahələrdə belədir, yalnız internet təminatı ilə bağlı deyil. Ən yaxşı halda bir, yaxud iki iri şirkət var ki, bu işi həyata keçirir. Digər şirkətlər xidmət sektoruna buraxılmır. Nəticə etibarilə də həmin şirkətlər istədikləri qiyməti bazara diktə edirlər. Bu an Rəqabət Məcəlləsinin də işləməsi çox çətin olur. Əgər Rəqabət Məcəlləsinin tələbi ilə həmin şirkət cəzalandırılsa, ölkənin 60 faizi internetsiz qalır.
İlk növbədə şaxələndirilmiş iqtisadiyyat, rəqabət qabiliyyəti və daha çox iştirakçıların bazarda olması Rəqabət Məcəlləsinin daha münbit şəraitdə işləməsinə səbəb ola bilər. Bizdə bu şərait olmadığına görə məcəllə də işlək vəziyyətdə deyil. Bazarda da 1, yaxud 2 şirkət olduqda bunu tətbiq etmək mümkün olmur”.