Sosial şəbəkədə biz:

"Gömrük rəsmiləşdirməsi həddən artıq yüksək olduğuna görə ölkəmizin avtomobil parkının yenilənməsi çətinləşir"

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 111 milyon ABŞ dolları dəyərində 58 939 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4 % çox və 10,3 % azdır.

8 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı dəfə 2 dəfə artaraq 165 ədəd (14,395 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 13 % azalaraq 53 006 ədəd (973 milyon ABŞ dolları dəyərində) təşkil edib. 

Bu avtomobillərin 13 504-ü (388 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 971-i (78,5 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. 

Bu isə birincinin 40,1 %, ikincinin isə 9,3 % artması deməkdir. 

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 21,9 % artaraq 5 465 ədəd (92 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 26,3 % artaraq 303 ədəd (31 milyon ABŞ dolları dəyərində) olub. 

Maraqlıdır, avtomobil idxalının azalmasına səbəb yanacağın qiymətinin baha olmasıdır, yoxsa avtomobillərin qiyməti artıb? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, 2023 və 2024-cü ildə adambaşına düşən gəlirin azalması əhalinin alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxarıb. Bu da nəticə etibarı ilə ölkəmizdə avtomobil parkının yenilənməsini dayandırıb:

“Ölkəmizə əsasən “Avro-5” standartlarına cavab verən və yaşı 10 ildən artıq olmayan avtmobillər idxal olunur. 

Belə olan halda avtomobillərin qiyməti artıq olur. Eyni zamanda, gömrük rəsmiləşdirməsi zamanı normal daxili yanma mühərrikli avtomobilinin minumum gömrük rəsmiləşdirməsi 20 min manata başa gəlir. Məhz gömrük rəsmiləşdirməsi həddən artıq yüksək olduğuna görə ölkəmizin avtomobil parkının yenilənməsi çətinləşir. Bu səbəbdən Azərbaycan köhnə “avtomobillərin qəbiristanlığı”na çevrilir”. 

Ekspert bildirib ki, avtomobil bazarında tələb və təklif arasında çox böyük fərq var: 

“Ölkəmizdə alıcılar istehsal ili yeni olan avtomobilləri almaqda çətinlik çəkirlər. Gündəlik istifadə etdikləri avtomobilləri yeniləməkdə maraqlı olmurlar. Çünki avtomobili yeniləmək üçün əlavə xərclər tələb olunur. Əlavə xərclər də əlavə gəlirlərin əldə olunması deməkdir. Vətəndaşların da gəlirləri azaldığına görə alıcılıq potensialı aşağı düşür. 

Yalnız elektirk mühərrikli avtomobillərin yaşı 3 ildən artıq olmadığı halda gömrük rüsumlarından azaddır. Lakin qiyməti baha olduğuna görə onları alan sürücülərin sayı elə də çox deyil”. 

O qeyd edib ki, yük avtomobillərinin idxalının artması tranzit yükdaşımalarını artırıb:

“Qarabağ və Şərqi Zəngəzurda görülən quruculuq işləri ilə əlaqədar olaraq ölkəmizdə yükdaşımalar artıb. 

Eyni zamanda, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi tikinti və tranzit sahəsində hərəkət trayektoriyasının genişlənməsinə səbəb olub. Bu da yük avtomobillərinin idxalını 22 faizə qədər artırıb.

İrəlidə yenə artacağı gözlənilir”.

 R.Abbasbəyli hesab edir ki, elektrik enerjisinin və yanacağın qiyməti əhalinin gəlirlərinə adekvat deyil:

“Yancağın qiymətinin ölkəmizdə yüksək olması elektrik və hibrit avtomobillərə marağı artırır. Lakin elektrik mühərrikli avtomobillərin qiymətinin yüksək olması alıcı sayına təsir edir. Bu da ölkəmizdə, əsasən də paytaxtımızda ekoloji problemlərə zəmin yaradır”. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol