Sosial şəbəkədə biz:

Qarabağdakı evlərini kirayə verib, Bakıya gəldilər... - Komitədən açıqlama

Bu yaxınlarda mətbuatda yayılan xəbərlərə görə, Qarabağa köçürülən bəzi məcburi köçkünlər dövlət tərəfindən onlara bağışlanılan evləri müxtəlif şəxslərə kirayə verərək, Bakıya qayıdıblar. 

İddialara görə, sözügedən hadisə Laçın rayonunun Sus kəndində baş verib. Yay fəsli ilə əlaqədar tələbatın yüksək olduğu bu evlərin günlük 160-180 manat qarşılığında ayrı-ayrı şəxslərə kirayə verildiyi, ev sahiblərinin bu yolla bir ay ərzində ortalama 5 min manat pul qazandığı deyilir.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (Qaçqınkom) Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət tərəfindən verilən mənzilin başqasına kirayə verilməsi hallarına vaxtilə Bakıda da rast gəlinib.

"Əvvəllər buna nəzarət edən sahə nümayəndələri olurdu və belə hal aşkarlandıqda qarşısı alınırdı. İndi isə azad edilən ərazilərdə buna nəzarət etmək hələlik mümkün deyil. Bizim komitə olaraq işimiz insanların öz ata-baba yurdlarına qayıdışını təmin etməkdən ibarətdir. İlkin mərhələdə Bakıda yaşayış durumu çox pis olanların qayıdışı təmin olunur. Onların Bakıda digər mənzillərə sahib olmadıqları tərəfimizdən dəqiqləşdirilib", - deyə cavabda bildirilib.

Qeyd edək ki, məcburi köçkünlərin onlara verilən yaşayış sahələrindən istifadə etməsi şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qayda ilə tənzimlənir. Həmin Qaydaya əsasən, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 

Qaydada göstərilir ki, məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər.

"AzPolitika.info"


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol