Azərbaycanda qoyun və keçilərin sayı AZALIR
Bu ilin oktyabr ayının 1-nə ölkədə 7 milyon 5,7 min baş qoyun və keçi qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, qoyun və keçilərin sayı son bir ildə 3 % və ya 217,5 min baş azalıb. Belə ki, 2023-cü ilin oktyabr ayında ölkədə 7 milyon 223,2 min baş qoyun və keçi olub.
Maraqlıdır, Azərbaycanda qoyun və keçilərin sayının azalmasına səbəb nədir?
Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, ölkədə qoyun və keçilərin sayının azalmasına səbəbi yem bazasının azlığıdır:
“Ölkəmizdə son 10 ildə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı kəskin şəkildə azalır. Növbəti 5 ildə xırdabuynuzlu heyvanların sayı daha da azalacaq. Çünki ölkəmizdə yem bazası kimi istifadə edilən sahələr azaldılıb.
Qış aylarında heyvanların bəslənməsi üçün satılan yonca və ot bağlamasının qiyməti 10 manatadək yüksəlir. Belə olan halda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayının azalması normaldır”.
O bildirib ki, iribuynuzlu və xırdabuynuzlu heyvanların bəslənməsi üçün örüş yerlərinin sayını artırmaq lazımdır:
“Bölgələrdə əkin sahələri artdıqdan sonra, heyvanlar üçün nəzərdə tutulmuş örüş yerlərinin sayı məhdudlaşıb. Bildirim ki, işğaldan azad edilmiş ərazilərdə də heyvandarlıqla məşğul olmaq üçün bütün lazımi imkanlar var. Buna baxmayaraq, iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalır.
Bu isə mövcud olan örüş sahələrinin səmərəli şəkildə istifadə edilməməsi ilə bağlıdır. Buna görə də örüş sahələri suvarılmalı və otlaqlarda qış səpininə başlanılmalıdır. Bunlar olmadığı halda örüş sahələri ot örtüyündən məhrum olacaqlar. Əgər qeyd etdiklərimiz həyata keçirilməsə, məhsuldarlıq aşağı düşəcək və iribuynuzlu, eləcə də xırdabuynuzlu heyvanların sayı növbəti dəfə azalacaq”.