Baş redaktorlar harda istirahət edəcək? - SORĞU
Trend İnformasiya Agentliyinin rəhbəri Arzu Nağı: "Adətən məzunuiyyət vaxtı Qərbi Ukraynaya - müalicəvi sanotoriyalardan birinə gedirəm. Yəqin ki, bu il də belə olacaq. Orada qiymətlər o qədər də baha deyil, təxminən 1000-1500 manat civarında olar. Bu məbləğ bütün xərclər daxil olmaqla 15-20 günə bəs edir".
Qaynarinfo.Az saytının rəhbəri Zahir Əzəmət: "Son dəfə normal tətilə 4 il əvvəl getmişəm. İllərdir ki, normal istirahət etmədən çalışıram. Artıq itirilmiş enerjinin bərpasına ehtiyac hiss edirəm. Qismət olsa, avqustun sonları üçün ailəmlə birlikdə bir həftəlik Türkiyədə istirahət etməyi planlaşdırıram. Məbləği açıqlamaq istəmirəm. Amma qardaş Türkiyədə hər büdcəyə uyğun istirahət imkanları var. Mən də hardasa ortadan bir az yuxarı bir paket seçmişəm".
Qafqazinfo.Az saytının rəhbəri Elburus Ərud: "Açığı, hələlik bilmirəm. İmkan olanda Kiyevə gedirəm. Xərcə gələndə, gücüm çatan qədər xərcləyirəm".
Tanınmış tele-jurnalist Anar Yusifoğlu: "Əslində xüsusi tətil planım yoxdu. Çünki işlərim buna imkan vermir. Amma ailəmlə birlikdə bir həftəlik rayonlardan birinə gedəcəm. Bu öz rayonumuz da ola bilər. Xərcə gəldikdə, bunun smetasını tutmamışam. Hər halda buna imkanımız çatar".
Aznews.Az saytının rəhbəri Elçin Zahiroğlu: "Özümdən əvvəl əməkdaşlarımızın məzuniyyətə getməsini planlaşdırıram. Onların məzuniyyətindən sonra, işlər imkan versə, istirahətə gedəcəm. 5 günlük xarici səfərim var, hesab edirəm vaxt az olsa da, dincələ biləcəm, çünki çox sevdiyim yeri seçmişəm. Qalan vaxtları isə Azərbaycanın rayonlarında olacam. Ümumiyyətlə, ölkədə daha rahat oluram. Ona görə ki, işə nəzarət edə bilirəm, nəsə problem çıxanda dərhal həllinə nail olmaq mümkün olur".
Pia.Az saytının rəhbəri Azər Qaramanlı: "Bu ayın sonunda redaksiya ilə birlikdə bir necə günlük Xoşbulağa getməyi planlaşdırırıq. Özümün ailəmlə harda istirahət edəcəyimi isə hələ bilmirəm. Böyük ehtimalla kəndə gedəcəyəm. Ola bilsin ki, ordan da bir həftəlik Masallı və ya Lerikə yollandım". Qaynarinfo.az