Nurayın xalası yenidən məhkəməyə müraciət edəcək
Yanvarın 8-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nuray Bayramzadə ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, hazırkı vəziyyətdə məhkəmə qətnaməsinin icrası üzrə tədbirlərin davam etdirilməsi Nuray Bayramzadənin mənafeyinə uyğun deyil.
Komitə məlumatı Qubada Nuray və onun qohumları ilə görüşəndən sonra yayıb.
Məlumatda deyilir ki, görüş zamanı xalası Mehriban Eldarovanın himayəsində yaşayan Nurayın böyüdüyü və tərbiyə olunduğu şərait yoxlanılıb. Onun özü ilə ətraflı söhbət aparılıb:
"Azyaşlı xalasından (ana deyərək çağırırdı) ayrılmaq istəmədiyini söyləyib. Nurayın xalası atanın uşağı ilə heç vaxt maraqlanmadığını, onu körpə vaxtında atıb getdiyini, uşağın 10 yaşının tamam olduğunu və buna görə də təkrar olaraq Nurayın öz himayəsində qalması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib".
Uşaq stress keçirib
Məlumatda deyilir ki, dekabrın 7-də Quba rayon icra şöbəsində icra prosesi zamanı N. Bayramzadə baş verənlərdən ağır stress keçirib:
"Təqdim edilmiş sənəddə Quba rayon Mərkəzi Xəstəxanasının həkim-psixiatrı azyaşlının icra prosesində kəskin psixoemosional və fiziki təzyiqlərə məruz qaldığının şahidi olduğunu bildirib. Yaşayış mühitinin dəyişdirilməsinin ona mənfi təsir edəcəyi barədə rəy verib".