Sosial şəbəkədə biz:

Lerikdə kütləvi fəhlə etirazı gözlənilir - 4 aylıq məvacib verilmir

Lerikdə şagirdlərin daha keyfiyyətli təhsil almalarının təmin olunması məqsədilə bir neçə ildir sürətlə yeni məktəb binaları tikilir. Təkcə 2014-cü ildə 3 məktəbin şagirdləri tədris ilinə yeni tikilmiş tam müasir məktəbdə başladılar. Bu ildə daha 4 məktəbin tikintisi aparılır. Ötən ildən etibarən tikintisinə başlanılan Lerikin Ambu, Pirəsora, Boykəndil və 80 yerlik Əvilə kənd məktəbləri üçün yeni binaların tikintisi davam edir. Rayon mərkəzindən 7 kilometr aralıda yerləşən Ambu kənd orta məktəbinin binası ötən əsrin 50-ci illərində tikilib. Ümumilikdə Lerik rayonunda tikilən 4 yeni məktəb binasının yeni dərs ilinə şagirdlərin istifadəsinə verilməsi planlaşdırılır. Ancaq gəlin görək reallıqda vəziyyət belədirmi? Təəssüf ki, iki mərtəbəli 180 yerlik Boykəndil kənd orta məktəbinin tikintisində ciddi nöqsanlar var. Bu barədə Azinforum.az-a  məktəbin tikintisində iştirak edən bir qrup fəhlə şikayət edərək məlumat verib. Adlarını hələlik çəkmək istəməyən fəhlələlərin açıqlamalarından məlum oldu ki, yanvar ayından üzübəri onların məvacibi verilməyib. Halbuki, bu ilin mayına qədər məktəbin tikintisində iştirak ediblər. Belə ki, 20 nəfərdən çox fəhlənin 4 aylıq əmək haqqının nəyə görə verilmədiyi məlum deyil. Vəziyyəti belə görən fəhlələr buna etiraz olaraq may ayında işləməkdən imtina ediblər. Nəticədə ümumiyyətlə sözügedən məktəbin tikintisi dayanıb. Onu da qeyd edək ki, sözügedən məktəb tikintisi ilə əlaqədar olaraq şagirdlər Boykəndildə yerləşən xəstəxanada təhsil alırlar. Buranın da şəraiti təhsil almaq üçün uyğunsuzdur. Ən nəhayət qonşu Aran, Kirəvud, Buruq, Lələdulan, Ordahal kəndlərində məktəblər 9 illik olduğu üçün sözügedən kəndlərdən olan şagirdlər təhsilini Böykəndil kənd orta məktəbində davam etdirirlər. Bu üzdən məktəb tikintisinin uzanması əlavə problemlər yaradır. Belə getsə şagirdlər qarşıdaki tədris ilində də yeni məktəbə həsrət qalacaqlar. Əldə etdyimiz məlumata görə, əmək haqqını ala bilməyən fəhlələr Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət etməyə hazırlaşırlar. Yaranmış problemlə əlaqədar Lerik rayon icra hakimiyyətinin mövqeyini öyrənmək cəhdlərimiz alınmadı. Onları da dinləməyə hazırıq. Vidadi ORDAHALLI Azinforum.az  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol