Sosial şəbəkədə biz:

Bakıda ən böyük bayram xonçası - Foto

16 March 2017, 15:49
Gündəm
Badamdar qəsəbəsindəki Heydər Əliyev Parkında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qəsəbə sakinləri, çoxsaylı qonaqların və qəsəbədəki hərbi hissənin əsgərlərinin iştirakı ilə böyük bayram şənliyi təşkil olunub. Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, İcra Hakimiyyəti sakinləri bir daha heyrətləndirərək parkın mərkəzində diametri 5 metrdən çox olan Badamdarın böyük bayram xonçası quraşdırıb, bura müxtəlif bayram şirniyyatları ilə bəzədilib. Kosa, Keçəl və Bahar qızı, milli geyimli uşaqlar sakinləri də rəqsə dəvət edərək tonqal ətrafında yallı gediblər. Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, həmiçinin Bakıya səfərə gəlmiş Polşa Respublikası Varşava şəhəri Praqa Poludni (Cənubi Praqa) rayonunun Burmistri Tomaş Kuxarski və onun müavini Mixal Veremeycik, digər qonaqlar bayram tədbirində iştirak edib, sonra Badamdarın böyük bayram xonçası sakinlərə təqdim olunub. Eldar Əzizov ağsaqqallar, veteranlar, qəsəbə sakinləri ilə görüşüb, onların Novruz bayramını təbrik edib. Novruz xonçasındakı şirniyyatlar sakinlərə və hərbi hissənin əsgərlərinə paylanıb, eyni zamanda qəsəbənin ictimai-iaşə obyektləri tərəfindən 30-dan çox qoyun kəsilmiş, hazırlanmış kabab və digər milli yeməklər sakinlərə pulsuz təqdim olunub. Məhəllədəki şənlik gün ərzində davam edib. Bakıda ən böyük bayram xonçası  -  Foto