QAT üzvləri “erməni mallarının satıldığı” deyilən mağazada reyd keçirdilər
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədr müavini Barat İmani başda olmaqla nümayəndə heyəti “Gənclik Mall” da fəaliyyət göstərən OVS mağazalarında olub, reyd keçirib.
Reydin keçirilməsinə səbəb elektron KİV-lərdə həmin mağazalarda Ermənistanda istehsal olunmuş malların satılmasına dair məlumatların getməsi olub. QAT-çılar mağazanın baş meneceri ilə görüşüb, məsələyə aydınlıq gətirməsini xahiş ediblər. Mağaza təmsilçisi bildirib ki, tamamilə yanlış və təxribat xarakterli məlumatdır. QAT-çılar satışa təqdim olunan mallara baxış keçiriblər, yayılan şaiyələrə uyğun heç bir fakt aşkar etməyiblər. QAT sədrinin müavini Barat İmani bildirib: “Hər kəs bu cür məsələlərə həssas yanaşmalıdır, bu xırda məsələ deyil, ermənilər hər cür təxribatdan istifadə edirlər. Ona görə də ticarətçilər də, alıcılar da bu məsələlərdə ayıq-sayıq olmalıdırlar”.