Asif Mərzili Aydın Canıyevə mobil telefon və nömrə bağışlayır: "Sabah gəl götür"
Aydın bəy, Allah bu millətə səbr verib... Səbr elə...
Eşitdim ki, bu gün jurnalist Aydın Canıyevin avtobusda mobil telefonunu oğurlayıblar... Təxminən 1994-cü ildə, bir gün rəhmətlik Mail Dəmirli ("Açıq söz" qəzetinin baş redaktoru, "Təfəkkür"ün sabiq rektoru) Bakıya qonaq gəlmiş, səhv etmirəmsə, Latviyadan gəlmişdi, jurnalist xanımın (Eynulla Fətullayevi həbs etdirən xanım) Qarabağ hadisələri ilə bağlı mətbuat konfransını keçirirdi... Xanım jurnalist Qarabağ bölgəsində olmuşdu.
Xanım jurnalist səfərindən danışdı, sonra dedi ki, təəssüf ki, bir məsul şəxs tapılmadı ki, mənə bir diktofon versin ki, rahat işləyə bilim... Bu vaxt Mail müəllim bərk hirsləndi və dedi ki, "neujeli" bir qeyrətli kişi (yəni məmur.Red.) tapılmadı ki, bir diktofon versin bu xanıma? Axı o, bizim əvəzimizə xaricdə yazı yazır... Mən dözməyib ayağa durdum və dedim ki, "Mail müəllim, bizdə həm qeyrətli kişi var, həm də diktofon verməyə cəsarət!". Dedim, xahiş edirəm, məni gözləyin, gəlirəm... Qalxdım 6-cı mərtəbəyə və mərhum Sosial Əməyi Qəhrəmanı, kişi qeyrətli və təpərli Xuraman Abbasova iki gün əvvəl mənə xaricdən gətirdiyi bir qeyri-adi diktofon hədiyyə etmişdi, onu götürüb iclas zalına qayıtdım... Və adını unutduğum həmin xanım jurnalistə hədiyyə etdim...
Hamı şokda idi. Mail müəllim gülərək, "Mən bayaq dediyim sözü geri götürürəm", -deyərək əlimi sıxdı. Sözümün canı var: Aydının ola bilsin yüzlərlə nöqsanı var. Amma onun jurnalist dəsti-xətti o yüz nöqsanı kölgədə qoyur. O, dərviş jurnalistdir, bir yerdə "tikiş tutmur", amma onu tək də buraxmaq olmaz, kömək edilməlidir. Onun yazıları cəmiyyətə, söz adamlarına lazımdır... Aydın, səni intizarda qoymuram, oğurlanmış həmin telefondan ən azı 20 dəfə baha bir telefon və üstündə də bir qəttəzə NAR nömrə "Təzadlar" redaksiyasında səni gözləyir. Sabah gəl götür. Amma düzünü de, əgər məni qabaqlayıblarsa, onda NAR sənə qurban, telefonu gələn dəfə verərik...
Asif Mərzili
Azinforum.az