Vətəndaşlar da müflis elan edilə bilər – EKSPERT
Borcunu ödəyə bilməyən vətəndaşlar özlərini müflis elan edərək borclardan yaxa qurtarara bilərlər. Bu barədə hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Bildirib ki, məhkəmənin müflis elan etdiyi vətəndaşın bütün borcları silinir, onları ondan tələb etmək olmaz: "Əksər xarici ölkələrdə bu halda sadəcə vətəndaş müəyyən dövr ərzində bəzi məhdudiyyətlərə məruz qalır: bəzi fəaliyyət növləri ilə məşğul ola bilməz, hansısa vəzifələri tuta bilməz, adı müflislər siyahısında dərc olunur və s. Lakin bizim qanunvericilikdə belə məhdudiyyətlər yoxdur".
Məlum olduğu kimi, Azərbaycanda hələ 1997-ci ildə “Müflisləşmə və iflas haqqında” Qanun qəbul edilib. Uzun illər həmin Qanuna görə yalnız hüquqi şəxslər və fərdi sahibkar olan fiziki şəxslər (VÖEN-i olanlar) özünü müflis elan edə bilərdi. Ancaq 2015-ci ildə həmin qanuna edilən dəyişiklikdən sonra oradakı “borclu” anlayışı borcu olan fiziki və hüquqi şəxslərə aid edilib. Beləliklə də fiziki şəxslərin də özünü müflis elan edə bilməsi reallaşıb.
Ə.Həsənov qanunda konkret mexanizmlərin detallaşdırılmadığını deyib: "Lakin hər bir halda qanun fiziki şəxsin müflis ola bilməsini nəzərdə tutursa, deməli, həmin qanunun müvafiq prosedurları ona da aiddir. Yeri gəlmişkən, “Banklar haqqında” qanun da fiziki şəxsin müflis ola bilməsini nəzərdə tutur. Belə ki, həmin Qanunun 1.0.19-cu maddəsi “vətəndaş qüsursuzluğu”nu tərif edərək, o cümlədən, fiziki şəxsin “məhkəmə qaydasında müflis elan edilməsi faktının olmaması”nı da ehtiva edir. Deməli, fiziki şəxs müflis ola bilər".
Həmin Qanuna bu ilin aprel ayında aşağıdakı məzmunda 57-10.6-cı maddə daxil edilib:
“Bankın inzibatçılarının qanuna zidd qərarları, digər hərəkətləri və hərəkətsizliyi nəticəsində bankın müflis olduğu və ya ödəmə qabiliyyətini itirdiyi müəyyən edilərsə və onların bu öhdəliklərini ödəmə qabiliyyəti olmazsa məhkəmə müvəqqəti inzibatçının müraciəti əsasında “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq banka vurduğu zərər həddində bu şəxsləri müflis elan edə bilər”. Yenə də belə çıxır ki, fiziki şəxslər məhkəmə qərarı ilə müflis elan oluna bilər.