Qarabağda vəziyyət təhlükəlidirmi? - ŞƏRH
ATƏT Minsk Qrupunun həmsədrləri son günlər təmas xəttində atəşkəs rejiminin pozulması hallarını pisləyərək, gərginliyin aradan qaldırılması istiqamətində tədbirlər görməyə çağırıblar.
Cümə axşamı günü yayılan bəyanat münaqişə zonasında qarşıdurma hallarının şiddətlənməsindən sonra verilib. Çərşənbə axşamı günü tanınmamış "Dağlıq Qarabaq Respublikası Müdafiə Nazirliyi"nin Azərbaycanın hərbi mövqelərinin atəşə tutulmasını "nümayiş etdirən" video yayıb. Ermənistan mənbələrində "cavab atəşi" nəticəsində Azərbaycan tərəfinin "itkilər" verdiyi bildirilir. Videonun dərc edilməsindən sonra Azərbaycan "yaşayış məntəqələrinin" atəşə tutulduğunu bildirib. Müdafiə Nazirliyi bəyanatında Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itki olmadığını və döyüş texnikasına ziyan dəymədiyini bildirib. Azərbaycan hərbçiləri ilk dəfə olaraq Ermənistan tərəfindən pilotsuz uçuş aparatlarının tətbiq edildiyini bildirib. Döyüşlərin şiddətlənməsi barədə məlumatlar artdıqca "Qarşıdurma nəzarət altından çıxa bilərmi" sualı ortaya çıxır. Oxford Universitetinin St. Antony's kollecindən professor Robert Chenciner bu suala mənfi cavab verir. "Bütün alınan silahlara rəğmən onun yalnız cüzi bir qismi istifadə olunub və indiyədək gördüyümüz qarşıdurmanın coğrafiyası yalnız təmas xəttilə məhdudlaşır", - Robert Chenciner BBC Azərbaycancaya bildirib. Qafqaz üzrə ekspert təmas xəttindəki döyüşlərin intensiv olduğunu desə də, genişmiqyaslı müharibə ehtimalının aşağı olduğunu bildirir.
Fotonun müəllifiYOUTUBE.COMMüharibəni kim istəyir?
Cənab Chenciner-in sözlərinə görə, Bakı və Yerevanda səslənən siyasi ritorikaya rəğmən hər iki ölkənin tammiqyaslı müharibəyə gedəcəyinin əlamətləri nəzərə çarpmır. Yerli elitalar kimi, genişmiqyaslı müharibəni bölgədə iqtisadi və siyasi maraqları olan qüdrətli ölkələr də istəmir. Onun sözlərinə görə, buna ötən ilki 4 günlük müharibə dəlalət edir. Rusiya həmin qarşıdurmaya son qoymaq üçün olduqca fəal və kəsərli addımlar atdı. "Ötən il Moskva qızışan müharibəni nəzarət altına almağa qadir olduğunu nümayiş etdirdi. Mən indi də vəziyyətin dəyişməz qaldığını görürəm". Robert Chenciner-dən fərqli olaraq Münaqişə və dovlət quruluculuğu üzrə LİNKS təhlil mərkəzinin direktoru Dennis Sammut təmas xəttində eskalasiya riskinin "çox yüksək" olduğunu deyir.
Fotonun müəllifiAZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİ