Məktəb bazarlığında olan valideynlər üçün "yol xəritəsi": nə, harda, neçəyə...

Digər satıcı Samir Əmiraslanovun dili ilə desək, o, bir qədər keyfiyyətli və bahalı məktəb ləvazimatı satır. Satıcı deyir ki, onun da öz müştəriləri var: "Ucuz malın keyfiyyəti də yaxşı olmur. Bu gün alırsan, 2 günə sıradan çıxır. Amma keyfiyyətli məhsul bir qədər baha olur. Yəqin özünüz də fikri vermişiniz: əvvəllər uşaq bir çantanı 3-4 il apara bilirdi. İndi dərs ilinin ortasında çanta sıradan çıxır. Çünki ucuz başa gəlsin deyə, keyfiyyətsiz materiallardan hazırlayırlar".
Müsahibimiz bildirir ki, keyfiyyətli, bahalı məhsullar Rusiyanın, Türkiyənin, ucuz məhsullar isə Çinin istehsalıdır: "Elə məhsullar var ki, Çinin olmasına baxmayaraq keyfiyyətlidir. Amma belə məhsulu tapmaq çox çətindir. Ən yaxşısı, bir qədər baha və keyfiyyətli məhsul alın". Alıcılar da qiymətlərin bu il münasib olduğunu təsdiqləyirdilə. Nailə Süleymanovanın sözlərinə görə, övladı bu il birinci sinfə gedəcək. Onun üçün məktəbli forması da daxil olmaqla məktəb ləvazimatlarına 130 manat pul xərcləyib.
Samirə Abdullayeva isə bazardakı qiymətlərdən narazıdır. Dediyinə görə, 4 övladı məktəbdə oxuyur və onların ləvazimatlarının hamısını çatdırıb ala bilmir: "Elə formaları 250-300 manat pul edir. Çantaları, ən ucuz alsam, 100 manata başa gəlir. Məcbur oluruq, hər şeydən iki dənə alırıq. Növbə ilə aparırlar".
Abdullayevanın sözlərinə görə, kitablar məktəb tərəfindən verilsə də, test kitabları, iş dəftərləri kitablardan baha başa gəlir. Daha sonra "28 may" metro stansiyası yaxınlığında ticarət mərkəzinə baş çəkdik. Bazarla müqayisədə, burada qiymətlər arasında 30 qəpik-1 manat fərq var. Şəhərin mərkəzində olan məktəb ləvazimatları mağazalarında isə qiymətlər bir qədər də yüksəkdir. Satıcıların sözlərinə görə, keyfiyyət yüksək olduğu üçün qiymətlər bazar qiymətlərindən fərqlənir. Ümumiyyətlə bazarda, ticarət mərkəzlərində, metro çıxışlarında olan qiymətlərə nəzər salanda, sadə qələm 20-40 qəpik, 12 vərəqli dəftər 20-30 qəpik, qələm 30 qəpik-1 manat, dəftər üzü 30-80 qəpik, kitab üzü 30-90 qəpik, rəngli qələm 1,50 qəpik —8 manat, xətkeşlər 6-qəpik-2 manat, rəsm albomu 2-7 manat (vərəq sayından asılı olaraq), yapışdırıcı 50 qəpik —2 manat, pozan 30 qəpik-2 manat, qələmyonan 60 qəpik-3 manat, plastilin 1-3 manat, flomaster 2-5 manat, dəftərlər 50 qəpik-1 manat 30 qəpik, gündəlik 1,50 manat-3 manat, sirkul 3-6 manat, panel 5-8 manatadır. Orta hesabla bir uşağın məktəb ləvazimatları 120-200 manat başa gəlir.