Erməni hərbi qulluqçusunun Azərbaycan tərəfə keçməsinin təfərrüatı (VİDEO)
Erməni hərbi qulluqçu könüllü olaraq Azərbaycan tərəfə keçib. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İlkin məlumata görə, martın 22-də günorta saatlarında 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.
Qoşunların təmas xəttini keçən erməni hərbçisi hərbi qulluqçularımız tərəfindən saxlanılıb.
İlkin dindirmədə erməni hərbçisi bildirib: "Mən 1991-ci ildə Martuni rayonunda anadan olmuş Andranik Araratoviç Qriqoryanam. 22 mart 2015-ci il tarixində könüllü olaraq Azərbaycan tərəfinə keçmişəm. Bunun çox sadə bir səbəbi var. Mən mənasız yerə ölməkdən qorxuram.
Cəbhə xəttini keçəndə mən tək deyildim. Mənimlə siz tərəfə keçməyə cəhd göstərən bir nəfər də var idi. Mən daha cəld tərpəndim. Silahı atıb sizə tərəf gəldim. Onun taleyindən xəbərim yoxdur. Güman edirəm ki, artıq sağ deyil.
Nə qədər erməni hakimiyyəti öz xalqından martın 19-da olan hadisəni gizlətmək istəsə də artıq hamı bilir. Mənasız təşkil olunmuş təxribat zamanı 20-dən artıq ölü, onlarla yaralı var. Əsgər çatışmadığına görə postlara mülki vətəndaşları yerləşdirirlər.