Orta məktəblərdə yeni qərar: valideynlərin cibinə girilməyəcək? - ŞƏRH
Ekspert deyir ki, burada tamam başqa formada maliyyələşmədən söhbət gedir. Yəni hər bir məktəb xidmət göstərməlidir: "Bu gün təkcə Bakı şəhəri üzrə 700 dən çox hazırıq kursu, tədris mərkəzi, bu və ya digər fəaliyyət və fənlərdən sayı heçdə 10 mindən az olmayan repetitor xidməti fəaliyyət göstərir. Bunlar heç bir mənbədən maliyyələşdirilmir, göstərilən xidmətlərə görə həm öz xərclərini ödəyirlər, həmdə gəlir əldə edirlər. Hər bir məktəbin qanuni əsaslarla böyük məbləğdə gəlir əldə etmək imkanı var".
"Məktəbin binası və infrastrukturunu dərsdən sonra geniş şəkildə istifadə etmək olar. Belə ki, məktəbdə rəqs dərsləri, şahmat dərsləri keçirmək olar. Bununla yanaşı, rəsm və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün şərait yaratmaqla məktəb bu xidmətlərdən gəlir əldə edə bilər. Bunlardan başqa, məktəb qrant layihələri, tender və müsabiqələrdə iştirak etməklə öz gəlirini artırılmaq imkanlarına malikdir" — o, əlavə edir. Ekspert bildirir ki, 2011-ci ildə Nazirlər Kabineti tərəfindən bununla bağlı hüquqi tənzimləmə üçün qanunvericiliklə müəyyən edilmiş qaydalar hazırlanıb. Belə ki, məktəb rəhbərliyi öz kontingentindən istifadə etməklə məktəbdə treninqlər, təlimlər keçirə bilər ki, bundan da böyük həcmdə vəsaitin əldə edilməsi mümkündür. Əsədov bildirir ki, bu heç də valideynlərin təxmin etdiyi kimi olmayacaq. Yəni özünümaliyyələşdirmə valideynin hesabına təhsil demək deyil. Çünki qanunvericilik aktlarına görə dövlət minimum təhsil verməyə borcludur: "Bundan başqa orta məktəblər dərsdən sonra ödənişli təhsil xidmətləri göstərə bilərlər ki, bu zaman valideynlər könüllü olaraq ödəniş edə bilərlər. Amma birbaşa orta məktəblərin pullu olması mümkün deyil". Təhsil eksperti Nabatəli Qulamoğlunun sözlərinə görə, qanuna əsasən, təhsil dövlət, özəl və bələdiyyə sektoru olmaqla 3 hissəyə bölünür: "Bələdiyyə sektoru hələ kağız üzərindədir, yəni, bu, ölkədə yoxdur. Ümumiyyətlə isə təhsil pulsuzdur. Hər bir kəsin dövlət məktəbində öz övladını oxutmaq haqqı vardır". Ekspert bildirir ki, təhsildə islahat aparmaq planı var, amma təhsil islahatı bu şəkildə aparılmır: "Təhsil islahatı odur ki, özəl məktəblərlə dövlət məktəblərinə eyni gözlə baxılsın. Yəni, hər iki sahəyə dövlət maliyyə ayırsın. Yəni onların hər iksinə imkan yaradılmalıdır ki, sektorlararası inteqrasiya baş versin. Təhsilin onurğa sütunu budur. Dövlət sektoru bu gün ölmüş vəziyyətdədir. Çünki məktəblərdə müəllim bilir ki, dövlət artıq maliyyəni ayırıb. Müəllimlər də sinfə girib-çıxır, amma effekt yoxdur. Özəl sektorda isə canlanma var. Səbəb isə odur ki, maliyyə-təhsil asılılığı olan yerdə təhsil inkişaf edir. Yəni, sən mənə pul ver, mən sənə təhsil. Dövlət məktəblərində nə qədər ki bu asılılıq yoxdur, təhsilin inkişafından söhbət gedə bilməz. Azərbaycan təhsilinin də ağrılı yeri bu asılılığın olmamasıdır. Dövlət sektorunda rəqabət yoxdur. Onlar bilir ki, öyrətsələr də, öyrətməsələr də pulları gələcək". Ekspertin fikrincə ölkədə özünümaliyyələşdirmə təhsil müəssisələrinə müstəqilliyin verilməsi deməkdir: "Bu prosesdə özünü daha çox göstərə bilən, daha çox şagirdi ali məktəblərə daxil olan məktəblərə marağı artıracaq. Valideynlər də çalışacaq övladlarını belə məktəblərə qoysunlar. Məktəbə daha çox müraciətlər edildikcə, təhsilin qiyməti artacaq və valideynlər məcbur olacaq ki, təhsilə daha çox pul ayırsın. Lazımi səviyyədə qoyulan pul özünümaliyyələşdirmə deməkdir. Bilmirəm Məhəbbət Vəliyeva özünümaliyyələşdirmə dedikdə nə nəzərdə tutub. Amma mənim fikrimcə dediyim kimidir".Ekspert deyir ki, bu tədrici prosesdir. Ola bilər ki, belə davam etməklə özəl sektora daha çox yer verib, dövlət sektorunu azaldarlar. Belə olan şəraitdə sektorlararası rəqabət yarana bilər.
N. Qulamoğlu M. Vəliyevanın qeyd etdiyi "özünümaliyyələşdirmə" ifadəsini də başa düşmədiyini deyir. Çünki ölkədə təhsil pulsuzdur. Ekspert bildirir ki, ən yaxşı halda "özünümaliyyləşdirmə" ifadəsinin açıqlamasını da M. Vəliyevadan almaq lazımdır. Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladıq. Maraqlıdır ki, nazirlik rəsmisi tabeliklərində olan qurumun direktorunun açıqlamasına şərh vermək istəmədi.