Dünyada siyasətçilər belə dincəlir, bizdə isə...- Fotolar
Ölkəmizdə elə də çox rast gəlməsək də, dünya siyasətçilərinin qeyri-rəsmi fotolarını, ailəvi istirahətlərini və bu zaman üzləşdikləri maraqlı məqamları dünya mediasında izləməyə öyrəşmişik. Bu il də istirahətini kimisi ölkə daxilində , kimisi iş başında, kimisi isə sakit bir guşədə keçirə bilib. “Qafqazinfo” xarici və yerli siyasətçilərin bu ilki yadda qalan anları sizə təqdim edir. Görək kimlər necə istirahət edib.
Fürsət olduqca Soçidə istirahət edən Rusiya prezidenti Vladimir Putin xəbər verdiyimiz kimi, bu həftə sonunu ölkənin baş naziri Dmitri Medvedevlə keçirib. Əvvəlcə idmanla məşğul olan rəsmilər daha sonra manqalda qızartdıqları əti yeyib. Siyasətdə olduğu kimi istirahətlərini də çox vaxt birlikdə keçirən köhnə dostlar birgə keçirdikləri istirahətlərində etdikləri müxtəlif fəaliyyətlərlə dünya mediasının marağına səbəb ola bilir.

Sərt və qərarlı çıxışları ilə tanınan Almaniyanın baş naziri Angela Merkelin iş rejimi nə qədər ağır və stressli olsa da, xanım siyasətçi istirahətinə vaxt ayırmağı etinasız yanaşmır. Son olaraq həyat yoldaşı ilə İspaniyanın Pasxa adasına səyahət edən nazirin geydiyi şapkasındakı Boss(başçı) sözünə görə Almaniyanın “Bild” qəzeti maraqlı manşet verib: “Merkel tətildə də həyat yoldaşına başçılıq edir”.

Barak Obamaya qarşı sərt fikirləri ilə seçilən Argentinanın prezidenti Kristina Fernandesin istirahət planlarının elə də uğurlu olduğunu deyə bilərik. Ötən il tətildə yıxılıb ayağını sıdıran, daha sonra da infeksiya səbəbi ilə xəstəxanaya aparılan Fernandes bu il də bir neçə çətinliklərlə üzləşib.

Ailəvi tətilləri və rahat görünüşü ilə hər zaman seçilən ABŞ prezidenti Barak Obamanın avqust ayındakı 2 həftəlik istirahətindən daha çox tətil üçün seçdiyi musiqi və kitab siyahısı dünya mediasında geniş müzakirələrə səbəb olub. İstirahət məkanı olaraq sakit bir məkan-Massaçusetsi seçən prezident gün ərzində dostları ilə sevimli oyunu olan qolf oynayır və məşhur siyahısındakı kitabları oxuyur.

Bu yay medianın işıqlandırdığı ən bahalı tətil edən siyasətçi kimi Fransanın eks-prezidenti Nikola Sarkozini göstərə bilərik. Belə ki, “xalq adamı” imici yaratmaq istəyən siyasətçinin həyat yoldaşı ilə bir həftəlik tətilinə ödədiyi 34 min 200 avro mətbuatda geniş müzakirə olunmuşdu.

VHP sədri Sabir Rüstəmxanlı isə tətilini bir qədər fərqli keçirib və bu məzuniyyətində çoxdankı arzusu olan Altay səfərinin baş tutduğunu deyib: “7-8 günlük türklərin qədim yurdlarından olan Altayda oldum, oraya getməyi çoxdan arzulayırdım. Bundan başqa yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşam”.
