Professor AMEA-dakı araşdırmadan danışdı: “Ramiz Mehdiyev bunu akademiklərlə birlikdə edib”
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) araşdırmalar davam edir.
Araşdırma AMEA prezidenti İsa Həbibbəylinin rəhbərlik etdiyi dövrü, eyni zamanda, daha öncəki rəhbərlərin (Ramiz Mehdiyev, Akif Əlizadə) fəaliyyət illərini əhatə edir. Araşdırmanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən aparıldığı bildirilir.
İstintaq AMEA-da mənimsəmə və sui-istifadə hallarının olub-olmamasını araşdırır. Qeyd edək ki, indiyədək AMEA-da baş verən qanun pozuntuları ilə bağlı fərqli illərdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müxtəlif cinayət işləri istintaq olunub.
Baş prokuror Kamran Əliyev də oktyabrın 1-də mətbuata açıqlamasında AMEA-da ayrı-ayrı vaxtlarda baş verən qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparıldığını bildirmişdi. O, cinayət işlərinin bir neçə istiqamət üzrə araşdırıldığını açıqlamışdı. “Məndə olan məlumata görə, artıq bəzi epizodlar üzrə ibtidai istintaq yekunlaşıb. Həmin cinayət işləri baxılması üçün məhkəməyə göndərilib”.
Hazırda isə sözügedən qurumdakı qanun pozuntuları ilə bağlı başqa cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. AMEA-da 2020–2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı aparılan cinayət işində maraqlı faktlar üzə çıxıb. Mətbuatda yayılan məlumata görə, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə olan yeyinti halları ilə əlaqədar sabiq deputat Elton Məmmədov da istintaqa cəlb edilibmiş.
Ramiz Mehdiyev AMEA-ya prezident təyin olunduqdan sonra sadiq adamı kimi onu “Yüksək Texnologiyalar Parkı”nın direktoru vəzifəsinə gətirmişdi. Sonradan isə E.Məmmədov Akademiyanın işlər idarəsinin müdiri vəzifəsində çalışıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, Elton Məmmədov işlədiyi dövr ərzində 3 milyon manata yaxın pul mənimsəyib.
Maliyyə pozuntularını təsdiq edən sənədlər və digər sübutlar iş materiallarına əlavə edilib. Keçmiş məmur müxtəlif epizodlar üzrə dəfələrlə prokurorluqda ifadə verib. Hazırda AMEA-da Sosial xidmətlər şöbəsinin müdiri olan Elton Məmmədov barəsində yayılan məlumatları təkzib edib.
Məsələ ilə bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov “Cebheinfo.az”-a bildirib ki, AMEA-nın işçiləri özləri bu yeyintilərlə bağlı məlumat verirdilər: “Bu istiqamətdə araşdırmanın aparılması daha yaxşıdır. Yəqin ki, çox şeylər ortaya çıxar. Elə Elton Məmmədov özü İsa Həbibbəylinin yaxın adamıdır. Akademiyada o qədər milyonlar mənimsənilib ki, 3 milyon az görünür. Nə qədər alim ölkəni tərk edib gedir.
AMEA-ya yeyinti yeri kimi baxırlar. AMEA-dan elmi dərəcələrin müdafiəsini yığışdırsaq, işbazların hamısı oradan qaçıb gedəcək. Deyəcəklər ki, biz burda min manata dayanarıq? Elmi tamamilə alverə çeviriblər. Ölkənin elmi potensialı sıfıra yaxınlaşıb. Bu gün dövlət çevrilişində, vətənə xəyanətdə ittiham olunanlar kimdir? Akademik xəttdir.
Araşdırsaq bunlar hamısı elmlər doktoru, professordur, əksəriyyəti alimlərdir. Gedib müxtəlif dövlət orqanlarında yerləşib, vəzifə tutub, bütün intellektual fəaliyyətlərini dövlətin, xalqın əleyhinə yönəldiblər. Həmin akademik şəbəkəni yığışdırmaq lazımdır. Yoxsa bizim istedadlarımız da məhv olacaq.
Bu şəbəkənin yaranmasında Ramiz Mehdiyevin müstəsna “xidmətləri” olub. Hətta o, Prezident Administrasiyasında çalışan dövrdən bəri bu “xidmətləri” danılmazdır. AMEA-da seçkilərdən tutmuş, elm-təhsil ocaqlarında yerləşdirilmiş kadrlar da daxil olmaqla Ramiz Mehdiyevin özünün böyük rolu olub. O, bunu bir sıra akademiklərlə, şəbəkə üzvləri ilə birlikdə edib”.
O iddia edib ki, hazırda İsa Həbibbəyli Akademiyaya seçkilər keçirmək istəyir:
“Çünki söz verdiyi adamlar var. Elton Məmmədov kimilər xaricdə yaradılan saxta akademiyalara üzv olublar. İldə bir neçə avro ödəniş edirlər. Ancaq bizdə dövlətin büdcəsindən 2 min manat pul qoparırlar. Hansını danışdırsan, uşaqları xaricdə, bahalı universitetlərdə oxuyur.
Haradan alırlar bu pulu? Deyirlər ki, maaşım filan qədərdir, əziyyət çəkirəm. Mən 10 ildir şöbə müdiriyəm və bu şöbə ən yeyintili yer hesab olunurmuş. Gördülər ki, mən burada imkan vermirəm, artıq yeni doktorantları bura göndərmirlər, başqa şöbələrə yönəldirlər. Ümid edirəm ki, araşdırma çox məsələləri üzə çıxaracaq”.