Sosial şəbəkədə biz:
Rusiyadan pul köçürmələri kəskin azalıb, Gürcüstan və Fransadan isə artıb
Xəbər Şəkli

Rusiyadan pul köçürmələri kəskin azalıb, Gürcüstan və Fransadan isə artıb

18 December 2025, 08:33
Gündəm

2025-ci ilin ilk 9 ayında fiziki şəxslər tərəfindən xaricdən Azərbaycana 850 milyon dollar həcmində pul köçürülüb. Bu göstərici 2024-cü illə müqayisədə təxminən 0,2 faiz artıb. Xaricə köçürülən vəsait isə 361,4 milyon dollar olub ki, bu da illik müqayisədə 11,4 faiz azalma deməkdir.

Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, pul baratları üzrə göstəricilərin saldosu müsbətdir. Belə ki, bu ilin 9 ayında fiziki şəxslər tərəfindən həyata keçirilən pul baratları nəticəsində 488,5 milyon dollarlıq profisit yaranıb.

Yeri gəlmişkən, 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi Azərbaycanın pul köçürmələrinin həm ümumi həcminə, həm də coğrafiyasına ciddi təsir göstərib. Məhz həmin il pul baratlarında rekord səviyyədə artım görə bilirik. 2022-ci ilin ilk 9 ayında fiziki şəxslər tərəfindən xaricdən Azərbaycana 2,7 milyard dollar həcmində köçürmə həyata keçirilib ki, bu da əvvəlki illə müqayisədə 3,6 dəfə artım deməkdir. Xaricə köçürülən vəsait isə 521,5 milyon dollar təşkil edib. Ekspertlər bu sıçrayışı regionda baş verən geosiyasi proseslərlə, müharivə və sanksiyalarla  əlaqələndirirlər. Qrafik 1-dən də görünür sonrakı illərdə pul köçürmələrinin həcmində kəskin azalma müşahidə olunub.

Qrafik 1.

Məlumdur ki, Azərbaycana daxil olan pul baratlarının əsas hissəsi MDB ölkələrinin, xüsusilə Rusiyanın payına düşür. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana köçürülən vəsaitin 40,5 faizi məhz Rusiyanın payına düşüb. Bu dövr ərzində şimal qonşumuzdan fiziki şəxslər tərəfindən köçürülən pulun həcmi 344 milyon dollar təşkil edib. Halbuki, müharibədən əvvəl Rusiyanın pul baratlarında payı 51–53 faiz arasında dəyişirdi.

Daha sonra, 2022-ci ildə Rusiyadan Azərbaycana həyata keçirilən köçürmələr 2,2 milyard dollara çataraq pik səviyyəyə yüksəlib. Həmin il fiziki şəxslər tərəfindən köçürülən vəsaitin 81,6 faizi bu ölkənin payına düşüb. Sonrakı dövrlərdə isə bu tendensiya kəskin şəkildə azalmağa başlayıb. Ekspertlərə görə, bu hal, əslində, Rusiyadan xaricə pul axınının miqyasını göstərir. Həmin ölkədə yaşayan azərbaycanlılar sanksiyalar səbəbindən vəsaitlərini Rusiyadan çıxarmağa çalışıblar.

İqtisadçı-ekspert Samir Əliyev “Facebook” hesabından yazır ki, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi bu ölkədən pul köçürmələrinin həcminə də təsirsiz ötüşməyib və son illər müşahidə edilən azalma tendensiyasi bu il də davam edib: 

“Belə ki, fiziki şəxslər tərəfindən şimal qonşumuzdan Azərbaycana göndərilən pul baratlarının həcmində azalma baş verib. Mərkəzi Bankın məlumatına əsasən, 2025-ci ilin 9 ayı ərzində Rusiyadan göndərilən pulun həcmi 343,9 milyon dollar həcmində olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,7% azdır. Mərkəzi Bankın 2020-ci ildən açıqlanan statistikasına əsasən, bu, son 7 ilin ən aşağı göstəricisidir”.

“Azalma Rusiyaya göndərilən pul baratlarının həcmində də baş verib. Cari ilin 9 ayında Rusiyaya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,6% az vəsait – 34,3 milyon dollar göndərilib. Bu, 7 ilin minimum səviyyəsidir”, – deyə S.Əliyev qeyd edir.

2025-ci ildə Azərbaycana ən çox hansı ölkələrdən köçürmə olub?

Yuxarıda qeyd edildiyi kimi, Rusiya-Ukrayna müharibəsindən sonra pul baratları üzrə həm də coğrafiya dəyişib. 2021–2025-ci illərin ilk 9 ayının göstəricilərinə əsasən, Rusiyanın payı azalsa da, Türkiyə, ABŞ, Gürcüstan, Qətər və Fransa kimi ölkələrdən həyata keçirilən pul köçürmələrində nəzərəçarpacaq artım müşahidə olunur.

Qrafik 2.

Məsələn, Türkiyədən pul köçürmələrinin payı əvvəlki illərdə 6-10 faiz arasında dəyişirdisə, hazırda bu göstərici 16,5 faizə yüksəlib. Qrafik 2-dən də göründüyü kimi, Türkiyənin pul baratlarında mövqeyi ildən-ilə güclənərək onu pul köçürmələri üzrə ikinci əsas tərəfdaşa çevirib. 2025-ci ilin yanvar-sentyabr aylarında fiziki şəxslər tərəfindən Türkiyədən Azərbaycana 140,3 milyon dollar vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artım deməkdir.

Türkiyə eyni zamanda Azərbaycandan xaricə pul köçürmələri üzrə də birinci yerdə qərarlaşıb. Cari ilin 9 ayında fiziki şəxslər tərəfindən bu ölkəyə 104,4 milyon dollar həcmində vəsait köçürülüb.

ABŞ da pul baratları üzrə Azərbaycanın əsas tərəfdaş ölkələri sırasında ilk üçlükdə yer alır. 2025-ci ilin yanvar-sentyabr aylarında bu ölkədən Azərbaycana pul köçürmələrinin həcmi 74,1 milyon dollara çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ-dən fiziki şəxslər tərəfindən göndərilən vəsaitlər 54,5 faiz artıb. Azərbaycandan okeanın o tayına köçürülən vəsaitin həcmi isə cari ilin 9 ayında 55,7 milyon dollar təşkil edib.

Pul köçürmələrində dəyişən coğrafiya: Gürcüstan və Fransa

Ən kəskin artımlardan biri Gürcüstan üzrə müşahidə olunur. Son beş ildə bu ölkədən köçürülən vəsaitin həcmi iki dəfə artıb. 2025-ci ilin ilk 9 ayının göstəricilərinə əsasən, adıçəkilən qonşu dövlətdən Azərbaycana 30,5 milyon dollar məbləğində pul köçürülüb.

Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərinin bağlı olması Azərbaycandan Gürcüstana pul köçürmələrinə ciddi təsir göstərib. Təhlil göstərir ki, son illərdə azərbaycanlıların, xüsusilə Gürcüstan vətəndaşı olan azərbaycanlıların miqrasiyası pul baratlarında mövqe dəyişikliyinə səbəb olub. 2021-ci ilə qədər Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi daha yüksək olurdu. Məsələn, həmin ilin yanvar–sentyabr aylarında Azərbaycandan Gürcüstana 61 milyon dollar köçürüldüyü halda, 2025-ci ilin eyni dövründə bu göstərici 19,7 milyon dollara qədər azalıb.

Bütün bunlar isə Azərbaycandan Gürcüstana doğru işçi qüvvəsi axınının artdığını göstərir.

Digər maraqlı artım isə Fransa üzrə qeydə alınıb. Mərkəzi Bankın məlumatlarına əsasən, Fransadan Azərbaycana göndərilən pul köçürmələrində son beş ildə ardıcıl artım tendensiyası müşahidə olunur. Xüsusilə 2025-ci ildə kəskin sıçrayış diqqət çəkir. Belə ki, bir il ərzində köçürmələrin həcmi təxminən üç dəfə artaraq 6,8 milyon dollardan 19 milyon dollara yüksəlib. Fransadan Azərbaycana pul köçürmələrinin həcmi hələlik böyük olmasa da, dinamika baxımından ən sürətli artım nümayiş etdirən Avropa ölkələrindən biridir.

Azərbaycandan Fransaya pul köçürmələrində isə azalma qeydə alınıb. Cari ilin 9 ayının nəticələrinə görə, bu ölkəyə  3,8 milyon dollar köçürülüb. Ötən ilin eyni dövründə də bu göstərici 5,9 milyon dollar təşkil edib. Meydan.tv