Sosial şəbəkədə biz:

Vahid Məhərrəmli: “Kənd təsərrüfatı ilə bağlı rəqəmləri şişirdirlər...”

Vahid Məhərrəmli: “Kənd təsərrüfatı ilə bağlı rəqəmləri şişirdirlər...”
Xəbər Şəkli
07 November 2026, 09:06
Gündəm

Xəbər verdiyimiz kimi, Azərbaycanda kənd təsərrüfatlarında istehsal edilən süd və yumurtanın ümumi miqdarı yeni qayda ilə qeydə alınacaq. Belə ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində təsərrüfatda sağılmış südün ümumi miqdarı hesablanarkən yalnız satılan məhsul deyil, şəxsi istehlaka sərf edilən, natura formasında dəyişdirilən, pay şəklində verilən və heyvanların balalarına içirdilən süd də nəzərə alınacaq. Təsərrüfat tərəfindən kənardan alınan süd isə istehsal göstəricisinə daxil edilməyəcək.

Yumurta istehsalında da oxşar qayda tətbiq olunacaq. Belə ki, yumurtaların satılması, şəxsi istehlak, inkubasiya və ya digər məqsədlər üçün istifadə edilməsindən asılı olmayaraq onların hamısı hesablanacaq.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən aqrar sahə üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, hazırkı rəqəm ürəkaçan deyil. 

O bildirib ki, bununla ümumi istehsal səviyyəsini yüksək göstərmək istəyirlər: “Məsələn, bu gün nə qədər yumurta istehlak ediriksə, onu adambaşına  hesablayırıq ki, nə qədər istehlak var. Toyuq yumurtlayıb və cücə çıxarılıbsa, yəqin, onu sayacaqlar. Bizi istehsalın yüksək olması maraqlandırmır, istehlak göstəricisi maraqlıdır. Əsas əmtəəlik məhsuldur. Nə qədər məhsul bazara çıxıb, tələb olunub və istehlak edilib. Düşünürəm ki, məqsədləri budur. Məsələn, buzova verilən südü ümumi statistikaya əlavə etməyə nə ehtiyac var? Buzova onsuz da yem kimi verilib. Yəni bunu da hesablamağa ehtiyac yoxdur. Süddən emal olunub başqa məhsul əldə olunubsa, bu, hesablana bilər, istehlaka gedir. Süd istehsalçısı özü istehlak edibsə, o da hesablana bilər. Bəlkə də bunlar elə düşünürlər ki, indi o təqdim edilən statistikada istehsalçıların özlərinin istehlak etdiyi rəqəm yoxdur. Amma əslində belə düşünürlərsə, doğru deyil”.

Ekspert qeyd edib ki, Dövlət Statistika Komitəsi dəqiq hesablama aparmır: “Yəni statistika idarəsindən kimlərsə gedib fermerlərin evində sağılan südün həcminə, toyuqlar nə qədər yumurta verib baxmırlar. Onları təxmini hesablayırlar və onu dəqiq hesablamaq heç zaman mümkün olmayacaq. Bir neçə rayonun nümunəsində hesablayırlar. 5-6 rayon üzrə göstəricini ümumi ölkə üzərinə aid edirlər. Dəqiq hesablama heç zaman mümkün deyil. Nə qədər adam lazımdır ki, gedib yerlərində uçotu aparsın. İnsanlara deyəcəklər ki, bir az çox göstərin... Son zamanlar rəqəmləri daha çox göstərməyə çalışırlar. Hətta 2019-cu ildə buğda istehsalını o qədər artırmışdılar ki, adambaşına istehlakda böyük rəqəm yaranmışdı. Bu rəqəmlərin necə formalaşdığı ilə bağlı tənqidlər səsləndirildikdən və insanların bu qədər qısa müddətdə çörək və un məmulatlarının istehlakını necə artırdığı sual doğurduqdan sonra Komitə həmin rəqəmləri insanlara deyil, heyvanlara aid etdi. Əvvəl adamların istehlak etdiyi buğdanı heyvanlara aid etdi. Heyvanların istehlak etdiyi buğdanın həcmini artırdı. Bunu insandan alıb heyvanlara verdiniz, bəs niyə heyvandarlıq məhsullarının istehsalı artmır? Yəni toyuğa vermisinizsə, yumurta, süd, ət istehsalı kəskin şəkildə artmalıdır, niyə artmır? Yəni bu rəqəmlərlə manipulyasiya edirlər. Rəqəmlər ortada fırlanır. Məqsədləri rəqəmləri ümumi göstərici kimi təqdim etməkdir. Rəqəm şişəcək, amma istehsalda artım olmayacaq. Bu gün idxal daha çox artıb. Son 10 ildə yeyinti məhsullarının idxalı 2,2 dəfə artıb. Daxildə nə qədər rəqəmlər şişirdilsə də idxalı bununla azaltmaq mümkün deyil. İdxal artır, alıcılıq qabiliyyəti də aşağıdır və bu niyə artır? Deməli, istehsalda azalma var, istehsal rəqəmləri şişirdilir. Həm də məhsulun qiyməti yüksəlir. Həm idxal, həm də istehsal artsa, təklif artdığı üçün qiymət qalxmalı deyil. Bazarın qaydası var. Deməli, hardasa azalma var. Azalma isə istehsalda var. Bu, onlara xoş gəlmir. Belə olan halda kənd təsərrüfatını inkişaf etdirmək mümkün olmur. Kənd təsərrüfatı ilə məşğul olanların əksəriyyəti şəhərə üz tutur. Bu, nəticə verməyəcək”.