“Yağış xoşbəxtliyinə sevinə bilmirik” – Partiya sədri
“Azərbaycanın tamamına, Abşeron yarımadasına böyük həcmdə yağmur yağması, ildən-ilə yağışlı günlərin artması əladır – dünyada ən böyük problemlərdən biri olan və getdikcə güclənəcək şirin suya çıxış imkanlarımızın artmasına xidmət edir, yəni, normalda, yağışlı günlərin çox olmasına sevinməliyik. Amma, Bakı şəhərini, Abşeron yarımadasını elə bərbad günə qoyublar ki, yağış faciəyə çevrilir, insanlar üçün böyük çətinliklər yaradır”.
Bu sözləri “ReAl” partiyasının sədri, iqtisadçı Natiq Cəfərli açıqlamasında bildirib.
Partiya sədrinin sözlərinə görə, hökumətin ilk böyük səhvi Bakıda sovetdən qalan yağış-kanalizasiya xətlərinin dağıdılmasına göz yumması, hətta, buna şərait yaratması oldu:
“Bakıda kanalizasiya xətləri ilə yanaşı, yağış sularının axıdılması üçün nəzərdə tutulan xətlər də mövcud idi. Ötən əsrin sonu, 21-ci əsrin əvvəlində Bakıda görməmişcəsinə tikinti işlərinə start veriləndə, yüksək mərtəbəli binaların təməlləri qazılanda, əgər yağış suları üçün nəzərdə tutulan boru xətləri maneçilik törədirdisə, onları kəsib adi kanalizasiya xətlərinə birləşdirirdilər.
Görməmişcəsinə tikinti bumunun nəticəsi o oldu ki, cəmi 2 milyon əhali üçün nəzərdə tutulan kanalizasiya sistemi, indi 4 milyon əhaliyə xidmət etməli olur ki, bu da həddən artıq yüklənmə ilə nəticələnir, boru xətləri, onların diametri və buraxılış gücü bu qədər əhaliyə dözmür, bir az da yağış yağanda Bakı göllər şəhərinə çevrilir. Bundan başqa, kanalizasiya sisteminə qoşulmaq üçün texniki şərt, rüşvətlə alınan kağız parçasına çevrildi – elmi, texniki yanaşma olmadı.
Azərbaycanın yağmurlu bölgəyə çevrilməsi xoşbəxtlikdir, sadəcə tədbirli, vizionlu hökumət, işlək bir sistem lazımdır ki, bu dəyişikliyi ölkə üçün ciddi pozitiv fürsətə çevirsin...”.