Sosial şəbəkədə biz:

Yanvarın 1-dən aliment ödəməyənləri sərt cəzalar gözləyir

Yanvarın 1-dən aliment ödəməyənləri sərt cəzalar gözləyir
Xəbər Şəkli
01 November 2026, 10:07
Gündəm

2027-ci il yanvarın 1-dən uşaqlar üçün yaşayış minimumunun 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu dəyişiklik sabit məbləğdə müəyyən edilən alimentin minimum həddinə də təsir göstərə bilər.

Aliment məbləğinin artırılması boşanma ərəfəsində olan ailələrin qərarlarına necə təsir edəcək? Bu artım aliment öhdəliyindən yayınmaq istəyən valideynlərin sayını artıraraq boşanmalara təkan verə bilər, yoxsa uşağın maddi təminatının yaxşılaşması boşanma qərarlarının qarşısını almağa kömək edəcək?

Globalinfo.az-a danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, aliment uşağın yaşaması və zəruri ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulan vəsaitdir:

“Bu səbəbdən də aliment hər bir halda ödənilməlidir. Valideynlərdən birinin işləməməsi və ya gəlirinin olmaması onu aliment öhdəliyindən azad etmir. Əgər valideyn işsizdirsə və gəlirinin olmadığını əsas gətirərək aliment ödəməkdən yayınırsa, bu, onun aliment ödəmək imkanının olmadığı anlamına gəlmir. Belə şəxslər məşğulluq qurumlarına müraciət etməli, işlə təmin olunmaq üçün müvafiq tədbirlər görməlidirlər. Aliment ödəməkdən əsassız şəkildə yayınan şəxslər barəsində isə İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə müvafiq tənbeh tədbirləri və hüquqi məsuliyyət nəzərdə tutulur”.

Üzeyir Şəfiyev

Sosioloqun fikrincə, bir sıra ölkələrin təcrübəsində olduğu kimi, Azərbaycanda da aliment fondunun yaradılması məqsədəuyğun olardı:

“Bu halda aliment ödəmək imkanı olmayan valideynin əvəzinə vəsait həmin fond tərəfindən ödənilə, valideyn işlə təmin olunduqdan sonra isə məbləğ onun əməkhaqqından tutulmaqla fonda qaytarıla bilər. Bununla yanaşı, alimentin hansı məqsədlə xərclənməsinə və uşağın yanında qalan valideynin onunla münasibətinə nəzarət edən müvafiq qurumların – sosial işçilərin və ya sosial agentlərin fəaliyyət göstərməsi də vacibdir. Unutmaq olmaz ki, aliment uşağın hüququdur və hər bir halda təmin edilməlidir. Bu vəsait heç bir tərəfin əlində təzyiq və ya təşviq vasitəsinə çevrilməməlidir”.