Əməkhaqlarında vergi yükü artır: gələn il işçiləri, sahibkarları və dövlət büdcəsini nələr gözləyir?
Maliyyə Nazirliyinin 2026-cı il dövlət büdcəsi ilə bağlı açıqladığı ilkin rəqəmlərə görə, gəlirlər 38,4 milyard manat, xərclər isə 41,5 milyard manat proqnozlaşdırılır. Nəticədə 2026-cı ilin dövlət büdcəsinin kəsirinin 3,1 milyard manat olacağı gözlənilir ki, bu da ötən illə müqayisədə 2,4 faiz və ya 74 milyon manat çoxdur.
2026-cı ilin büdcə zərfindən məlum olur ki, daxilolmaların 16 milyard 821 milyon manatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 6 milyard 850 milyon manatı Dövlət Gömrük Komitəsi tərəfindən daxilolmalar, 12 milyard 750 milyon manatı isə Azərbaycan Dövlət Neft Fondundan transfertlər təşkil edəcək.
Bu il dövlət büdcəsinin ən çox müzakirə olunan hissəsi vergi daxilolmalarında nəzərdə tutulan artımlardır. Bu istiqamətdə əhəmiyyətli artımlardan biri fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalarıdır. Belə ki, proqnozlara görə, bu gəlirlər üzrə artım 22,5 faiz, hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar 3,6 faiz, əlavə dəyər vergisindən daxilolmalar 15,3 faiz, yol vergisindən isə 44,7 faiz olacaq.
| 2026-ci il (proqnoz) (milyon manat) | 2025-ci il (proqnoz) | artım (-azalma)
fiziki şəxslərdən gəlir vergisi | 2566,8 | 1989 | 22,5%
hüquqi şəxslərin mənfəət vergisi | 6580 | 6344 | 3,6%
əlavə dəyər vergisi | 4434,8 | 3758,2 | 15,3%
aksizlər | 1482 | 1655,7 | -11,7%
hüquqi şəxslərin əmlak vergisi | 376 | 392,6 | -4,4%
hüquqi şəxslərin torpaq vergisi | 47 | 46,7 | 0,6%
mədən vergisi | 151 | 160 | -6,0%
sadələşdirilmiş vergi | 429 | 405 | 5,6%
yol vergisi | 191,4 | 105,8 | 44,7%
Hansı iqtisadi islahatlar 2026-cı ildə vergi yığımlarında nikbin gözləntilər yarada bilər?
Ümumilikdə, büdcə zərfinin ilkin variantına görə, 2026-cı ildə Dövlət Vergi Xidməti xətti ilə daxilolmalar 16 milyard 821 milyon manat həcmində proqnozlaşdırılır. Bu, dövlət büdcəsi gəlirlərinin 43,8 faizini təşkil edəcək. Maliyyə Nazirliyinin açıqlamasına əsasən, bu göstərici cari ilin təsdiq olunmuş büdcə rəqəmləri ilə müqayisədə 8,5 faiz, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 6,4 faiz çoxdur.
Azərbaycanda son illərdə iqtisadi artım tempi zəifdir və bəzi mütəxəssislər bunu resessiya dövrü kimi qiymətləndirirlər. Bu ilin ilk 8 ayında ÜDM artımı cəmi 0,9 faiz təşkil edib ki, bu da adambaşına düşən məhsul istehsalı göstəricisinə görə ölkəni Cənubi Qafqazda sonuncu yerə salıb.
Ekspertlərin fikrincə, büdcə gəlirlərinin əsasən cərimələrin və vergilərin artırılması hesabına doldurulması yanlış siyasətdir. Onların qənaətincə, mövcud vergi və qiymət artımları iqtisadiyyatı daha da daralda bilər.
Mövcud şəraitdə – iqtisadi manevr imkanlarının məhdudlaşdığı, sahibkarlıq subyektlərinin isə ciddi maliyyə böhranı yaşadığı bir zamanda vergi artımlarının hansı resurslar hesabına mümkün olacağı sual doğurur. Hansı iqtisadi islahatlar 2026-cı ildə vergi yığımlarında nikbin gözləntilər yarada bilər?
Maliyyə məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov sosial media hesabında Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sına istinadən yazıb ki, 2026-cı ildə “Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması” nəzərdə tutulur. Onun sözlərinə görə, açıqlamada eyni zamanda vurğulanır ki, “2026-cı ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar cari ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 321 milyon manat və ya 8,5 faiz çoxdur”.
Ekspert sual edir: “Sahibkarın vergi yükü azalacaqsa, vergi orqanı nəyin hesabına 8,5% daha çox vergi yığacaq? Maaşlardan tutulan vergilərin hesabına? Əvvəla, sırf bunun hesabına 8,5% artıma nail olmaq mümkün deyil: bu qədər maaş yoxdur axı, əhali bir həsirdir, bir məmmədnəsir, işsizlik də artır. Həm də onsuz da vətəndaşların gəlir vergisi yükü sahibkarların üzərinə düşəcək: maaşları artırmalı olacaqlar. Bəziləri yenə “qara maaşlara” keçəcək. Bəs onda hökumət artıma nəyin hesabına nail olacaq?”.
Əkrəm Həsənovun qənaətincə, proqnozun icrası sahibkarlara əsassız vergi hesablanaraq ödətdirilməsi yolu ilə mümkün olacaq:
Gəlir vergisinə güzəşt ləğv olunacaqmı?
İctimaiyyəti ən çox narahat edən məsələlərdən biri fiziki şəxslərin gəlir vergisində proqnozlaşdırılan artımdır. Bu artım, əsasən, özəl sektorda çalışanların əməkhaqlarına tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılmaması ilə izah olunur.
2019-cu ildə Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, 7 il müddətinə özəl sektorda çalışan fiziki şəxslərin aylıq əməkhaqlarının 8000 manata qədər olan hissəsi gəlir vergisindən azad edilmişdi. Lakin 2026-cı il yanvarın 1-dən etibarən bu güzəştin müddətinin uzadılıb-uzadılmayacağı və ya yeni şərtlərlə tətbiq ediləcəyi barədə hələlik heç bir açıqlama verilməyib. Milli Məclis tərəfindən də Vergi Məcəlləsinə dəyişikliklə bağlı hər hansı qanun layihəsi müzakirəyə təqdim olunmayıb.
Hazırda özəl və qeyri-neft sektorunda çalışanların əməkhaqlarının 8000 manatdan yuxarı hissəsindən 14% gəlir vergisi tutulur. Əgər güzəşt müddəti uzadılmasa, 2026-cı ildən etibarən maaşların ilk 2500 manat hissəsindən 14%, 2500 manatdan yuxarı hissəsindən isə 25% gəlir vergisi tutulması nəzərdə tutulur. Beləliklə, gəlir vergisinin hesablanması dövlət sektorunda tətbiq olunan qaydalarla eyniləşdiriləcək.
Bu gün özəl sektorda işçilərin əməkhaqqından tutulan əsas vəsaitlər 200 manatadək hissəsindən 3% sosial sığorta, yuxarı məbləğdən 10% sosial sığorta, 2% icbari tibbi sığorta, 0,5% işsizlik sığortasıdır.
Dövlət sektorunda isə maaşların 200 manatlıq güzəştdən sonrakı hissəsindən 14% gəlir vergisi tutulur. Bundan əlavə, əməkhaqqının 3%-i sosial sığorta, 2%-i icbari tibbi sığorta, 0,5%-i isə işsizlik sığortası kimi hesablanır.
Beləliklə, 2026-cı ildən etibarən özəl sektor üçün də dövlət sektorunda tətbiq olunan qaydalar qüvvəyə minərsə, vergi yükü xeyli artacaq. Bu isə xüsusilə minimum əməkhaqqı və az maaşlı işçilər üçün ciddi gəlir itkisi deməkdir. Belə şəraitdə sahibkarlar əməkdaşlarının əməkhaqlarını artırmağa məcbur qalacaqlar. Lakin əməkhaqqını artırmaq imkanı olmayan işəgötürənlər ya işçi ixtisarına gedəcək, ya da “qara mühasibat”a qayıdacaqlar. Halbuki 2019-cu ildə güzəştlərin tətbiqinin əsas səbəbi məhz ikili mühasibatlığın aradan qaldırılması və özəl sektorda maliyyə şəffaflığının təmin edilməsi idi.
İqtisadçı-ekspert Toğrul Vəliyev “Telegram” kanalında yazır ki, əgər vergi sistemi 2019-cu ildən əvvəlki qaydalara qayıdarsa, qeyri-neft və qeyri-dövlət şirkətlərində işçi ilə bağlı xərclər, maaşlar artırılmasa belə, ən azı 7 faiz artacaq:
“Şirkət işçinin maaşını inflyasiyaya uyğun olaraq 6 faiz artırsa belə, 2026-cı ildə 2025-ci illə müqayisədə sərəncamında qalan vəsait azalacaq. Qiymət artımı və qeyri-sabit iqtisadiyyat şəraitində bu, absurd bir vəziyyət yaradır”.
Ekspertin sözlərinə görə, 2022–2024-cü illər üzrə dövlət və qeyri-dövlət sektorlarında muzdlu işçilərin sayı və orta əməkhaqqı göstəricilərinin təhlili göstərir ki, əgər gələn ilin yanvarın 1-dən vergi güzəşti ləğv edilsəydi, dövlət büdcəsi müvafiq maddə üzrə ən azı 3,2 milyard manat əlavə gəlir əldə edə bilərdi:

Toğrul Vəliyevin fikrincə, son açıqlanan sənəddə artım daha aşağı səviyyədə-25,2% göstərilib. Təxmini hesablamalar isə artımın yalnız üçdə ikiinin nəzərdə tutulduğunu göstərir:
“Belə yolla bir neçə variant təxmin etmək olar: Güzəşt ləğv olunacaq, amma vergiyə cəlb olunmayan hissə hamı üçün artırılacaq; Güzəşt ləğv olunacaq, amma yuxarı baryer hamı üçün artırılacaq (indiki 2850 AZN-dən 8 minə); Güzəşt qismən saxlanılacaq; Güzəşt ləğv olunacaq, sadəcə 2026-ci ildə heç bir sahədə maaş artımı olmayacaq; Güzəşt ləğv olunacaq, sadəcə özləri rəqəmi bir qədər aşağı yazıblar”. Meydan.Tv