Fermerlərin pulu kəsilir, inzibati xərclər isə artırılır
2026-cı ilin dövlət büdcəsi layihəsində kənd təsərrüfatı sahəsinə 1 milyard 226,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Rəsmi açıqlamalara görə, bu rəqəm 2025-ci illə müqayisədə 22,7 milyon manat və ya 1,9 faiz çoxdur. Lakin büdcə rəqəmlərinin detallı təhlili göstərir ki, aqrar büdcə kəmiyyət baxımından artsa da, keyfiyyət və prioritetlər baxımından qeyri-şəffaf və izahı verilməyən xərcləri bir neçə dəfə artıb.
Ümumiyyətlə, cari ilin büdcəsində kəndlinin ən çox ehtiyac duyduğu üç sahə – suvarma, subsidiyalar (tədbirlər) və baytarlıq – eyni anda ixtisara məruz qalıb. Bu üç sahə üzrə ümumilikdə 77,3 milyon manat azalma qeydə alınıb.
Belə ki, ölkənin ən ağrılı problemlərindən biri olan su çatışmazlığı və torpaqların şoranlaşması fonunda meliorasiya və irriqasiya xərcləri qeyri-müəyyən səbəblərdən 10 faiz və ya 52,7 milyon manat azaldılaraq 490 milyon manata endirilib.
Meliorasiya, irriqasiya və suvarma sistemlərinin maliyyələşdirilməsinə yönəldilən bu vəsait ölkə ərazisində mövcud su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, fermerlərin suvarma suyu ilə təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi, subartezian suvarma quyularının saxlanılması və digər meliorasiya tədbirlərinin maliyyə təminatı üçün nəzərdə tutulub. İqlim dəyişikliyinin Azərbaycan kəndlisini susuz qoyduğu bir vaxtda, strateji əhəmiyyətli bu sahəyə ayrılan vəsaitin azaldılmasına dair isə heç bir izahat təqdim edilmir.
Beləliklə, Maliyyə Nazirliyinin “Büdcə bələdçisi” sənədinə görə, 2026-cı ildə kənd təsərrüfatı tədbirləri üçün nəzərdə tutulan xərclər 21 milyon manat və ya 3,6 faiz azaldılaraq 553,5 milyon manata endirilib. Bu vəsait əsasən ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlmiş tədbirləri əhatə edir. Cari ildə ərzaq təhlükəsizliyi tədbirləri üçün 512,7 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu vəsait güzəştli şərtlərlə gübrələrin, lizinq yolu ilə avadanlıqların və subsidiyaların maliyyələşdirilməsinə yönəldiləcək. Büdcə məlumatlarında qeyd edilir ki, idxal olunan buğdadan asılılığın azaldılması və yeni tənzimləmə mexanizmlərinin yaradılması hesabına ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin artırılması məqsədilə 29,5 milyon manat vəsait ayrılacaq.
Maraqlıdır ki, 2025-ci ildə iri və xırdabuynuzlu heyvanların sayının kəskin azalmasına və dabaq xəstəliyinin heyvandarlıq sahəsində ciddi itkilərə səbəb olmasına baxmayaraq, baytarlıq tədbirləri üçün ayrılan xərclər də 7,4 faiz azaldılıb. Belə ki, 2025-ci ildə baytarlıq tədbirlərinə 48,5 milyon manat ayrıldığı halda, 2026-cı il üçün bu məbləğ 44,9 milyon manat nəzərdə tutulub. 3,6 milyon manatlıq ixtisar heyvan xəstəlikləri ilə mübarizədə müəyyən boşluqlar yarada bilər. Büdcə sənədinə əsasən, vəsaitin 22,8 milyon manatı baytarlıq xidmətlərinin həyata keçirilməsinə, 18,2 milyon manatı vaksinlərin, dərmanların və baytarlıq ləvazimatlarının alınmasına və daşınmasına, 900 min manatı isə xüsusi təhlükəli heyvan xəstəlikləri nəticəsində zərər çəkmiş hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsinə yönəldiləcək.
Kənd təsərrüfatı sektoru üzrə büdcənin ən qaranlıq məqamı “Kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlər” maddəsi üzrə xərclərin 2025-ci illə müqayisədə birdən-birə 3,5 dəfə artırılmasıdır. Belə ki, bu istiqamət üzrə xərclər 2025-ci ildə cəmi 38,1 milyon manat olduğu halda, 2026-cı ildə 133,3 milyon manata çatdırılıb. Sözügedən xərclərlə bağlı nə Hesablama Palatasının, nə də Maliyyə Nazirliyinin büdcə sənədlərində hər hansı izahat verilir. Ekspertlərin fikrincə, bu vəsaitlər daha çox inzibati yönümlü xərcləri əhatə edir. Cari ildə aqrar sektorda ya yeni bir qurumun yaradılması, ya da mövcud aparat xərclərinin artırılması ehtimalı istisna edilmir. Qeyd edək ki, 2024-cü ilə qədər dövlət büdcəsində bu adda ayrıca xərc maddəsinə rast gəlinmirdi. 2025-cü ildən bu bölmə üzrə ayrılan vəsaitin, eyni zamanda yaradılan aqroparklara yönəldilə biləcəyi ilə bağlı fikirlər də səsləndirilir.
Ümumilikdə Maliyyə Nazirliyinin “2026–2029-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi” sənədində “Kənd təsərrüfatı” sektoruna daxil olan proqramlar üzrə xərclər təqdim olunsa da, buradan “digər müəssisə və tədbirlər” maddəsinin konkret nələri əhatə etdiyini müəyyənləşdirmək mümkün olmur. Sənəddən məlum olur ki, kənd təsərrüfatı üzrə xərclər ümumilikdə 8 proqram əsasında icra ediləcək. Bu proqramlar arasında “balıqçılıq və akvakulturanın inkişafı” istiqaməti üzrə xərclərdə sıçrayışlı artım müşahidə olunur. Belə ki, bu sahə üzrə xərclər 2025-ci illə müqayisədə 3,5 dəfə artırılaraq 4,8 milyon manata çatdırılacaq. Proqnozlara görə, bu artımın 2029-cu ilə qədər davam etməsi gözlənilir. Ekspertlərin fikrincə, dövlət tərəfindən yeni bir balıqçılıq müəssisəsinin yaradılması ilə bağlı mediada səsləndirilən fikirlər reallaşa bilər.
Cari il üçün diqqət çəkən digər xərc proqramı isə “Aqrar sahə üzrə dövlət tənzimlənməsi sisteminin inkişafı” istiqamətidir. Bu proqram üzrə 153 milyon manat vəsait ayrılması gözlənilir ki, bu da “bitkiçiliyin inkişafı” xərclərindən sonra aqrar sektorda ən yüksək xərc istiqamətlərindən biridir. Lakin həmin xərclərin 2027–2029-cu illərdə iki dəfədən çox azaldılacağı müşahidə olunur. Ekspertlər bunu cari ildə yeni bir qurumun yaradılması üçün nəzərdə tutula biləcək birdəfəlik vəsaitlə izah edirlər.
Bütün bu hallarda ekspertlər hesab edirlər ki, hansı müəssisələrə, hansı tədbirlərə və hansı nəticələr üçün bu qədər vəsait ayrıldığına dair aydın izahatın verilməməsi büdcə xərclərinin şəffaflığı və səmərəliliyi baxımından ciddi suallar yaradır. Onların fikrincə, 2026-cı ilin aqrar büdcəsi real istehsalın artımına və suvarma sistemlərinin yenidən qurulmasına deyil, daha çox köməkçi və qaranlıq qalan inzibati xərc maddələrinin genişlənməsinə xidmət edir. meydan.tv