Türkiyənin "Boğaziçi Savunma Teknolojileri Ve Ticaret Anonim Şirketi"nin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
Filialın bağlanması ilə bağlı oktyabrın 4-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi "Vergilər" qəzetində elan dərc olunub. Elanda qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1014 Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34 ünvanına bildirə bilərlər.
Türkiyənin Ankara şəhərində yerləşən "Boğaziçi Savunma Teknolojileri" pilotsuz uçuş aparatlarının (dron) aşkarlanması, təqibi və məhv edilməsi (antidron) sistemləri, həmçinin avtomatik yanğınsöndürmə texnologiyalarının istehsalı üzrə ixtisaslaşıb. Şirkətin Azərbaycandakı filialı 2024-cü ildən etibarən fəaliyyət göstərirdi.
30 sentyabr – 2 oktyabr 2026-cı il tarixlərində Bakıda keçirilən "ADEX-2026" 6-cı Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Türkiyə müdafiə sənayesi şirkətləri ilə Azərbaycan arasında 500 milyon ABŞ dolları dəyərində müqavilələr imzalanmışdı.
Sözügedən şirkətin Azərbaycandakı filialının ləğv edilmə səbəbi rəsmən açıqlanmır.