Sosial şəbəkədə biz:
İkinci ölüm hadisəsinə görə məsuliyyətə cəlb edilən həkimə cəza verildi
Xəbər Şəkli

İkinci ölüm hadisəsinə görə məsuliyyətə cəlb edilən həkimə cəza verildi

11 October 2025, 09:27
Kriminal

Bakıda ikinci dəfə burun əməliyyatı nəticəsində ölümə görə cinayət məsuliyyətinə cəlb edilən otorinolarinqoloq (LOR), estetik cərrah Sənan Mehdiyevə 2 il cəza verilib. Oktyabrın 10-da Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayeva onun haqqında belə hökm çıxarıb.

Nəzrin Mansurlunun ölümünə görə bu ilin yanvarından həbsdə olan həkim Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olan səhlənkarlıq) maddəsiylə təqsirli bilinib.

S.Mehdiyev ona verilən 2 illik cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qanuna görə, ehtiyatsızlıqdan törədilən cinayətlərdə cəza 5 ilədək olanda cəza bu tip müəssisələrdə çəkilir.

N.Mansurlunun 30 yaşı olub. O, yanvarın 3-də metronun "20 Yanvar" stansiyasının yaxınlığında yerləşən "Mərcan Medicare" klinikasında burun əməliyyatı etdirib. Əməliyyatdan sonra onun durumu ağırlaşdığından yanvarın 5-də "Bona Dea" hospitalına yerləşdirilib. Komaya düşən N.Mansurlu yanvarın 12-də keçinib.

Ekspertizanın rəyinə görə, onun ölümü əməliyyat zamanı burun, alın, xəlbir sümüklərinin sındırılmasından qaynaqlanıb.

Məhkəmədə ifadə verən cərrah S.Mehdiyev özünü təqsirli bilməyib və deyib ki, N.Mansurluya burunda çəpər əyriliyi diaqnozu qoyulduğundan əməliyyat üçün onun yanına gəlibmiş. Onun sözlərinə görə, əməliyyatın ardından xəstənin durumu ilə maraqlanıb, gərəkən bütün addımları atıb: "İstər əməliyyatdan öncə yanıma gələndə, istərsə sonra - əməliyyat başa çatanda Nəzrin Mansurlunun yanında qohumlarından heç kim olmayıb. Əməliyyatdan sonra bir neçə dəfə həyat yoldaşı ilə danışmışam. Yatdığını deyib. Bu hallar əməliyyat keçirən xəstələrin çoxunda rast gəlinir, ona görə normal qarşıladım. Mənə onun vəziyyətiylə bağlı digər məqamları desəydilər, əlbəttə, fərqli davranardım".

Təqsirləndirilən həkim ittihamla razılaşmasa da, məhkəmədə zərərçəkmiş tərəfdən üzr istəyib. O, Azərbaycanda Tibb Universitetini bitirəndən sonra Almaniya, Türkiyə kimi ölkələrdə ixtisasartırma kurslarına qatıldığını, estetik cərrahiyyə sahəsində ixtisaslaşdığını vurğulayıb.

N.Mansurlunun həyat yoldaşı Fərid Mansurlu isə deyir ki, həkimin özüylə əlaqə saxlaya bilmədiklərindən köməkçisiylə danışırdılar: "Özü ilə ancaq ayın 5-də danışa bildik".

Sənan Mehdiyev daha əvvəl 2015-ci ildə "StarMed" klinikasında əməliyyat zamanı dünyasını dəyişən Azərbaycan Maliyyə-İqtisad Kolleci tələbəsi, 18 yaşlı Leyla Mürsəlovanın ölümünə görə cəzalandırılmışdı. O, həmin vaxt da CM-in 314.2-ci maddəsi ilə təqsirləndirilsə də, həbs edilməmiş, haqqında ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. Hökm çıxarılarkən, məhkəmə ona 8 ay 23 gün azadlıqdan məhrumetmə cəzası kəssə də, ev dustaqlığında olduğu müddətlə əvəzləyib cəzası çəkilmiş sayılmışdı.

S.Mehdiyev L.Mürsəlovanın ölümünə görə də özünü təqsirli bilməmişdi.

Bu hadisəyə görə onunla yanaşı, anestezioloq Emin Quluzadə və klinikanın direktoru Cəbrayıl Sultanov da məsuliyyətə cəlb olunmuşdu. Yasamal rayon Məhkəməsinin hökmü ilə E.Quluzadəyə məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməklə, 2 il cəza verilmiş, C.Sultanovsa şərti cəza almışdı.